Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib YENİLƏNİB 2

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu gün Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər bu gün Milli Məclisə təqdim edilən hesabatda dəqiq və dolğun ifadəsini tapıb.

Sədr bildirib ki, 2018-ci il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub və bu islahatların nəticələrini indi hər kəs görür. Həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlığı təmin olunub, iqtisadiyyatın inkişafına yeni təkan verilməsi üçün möhkəm əsaslar yaranıb. Onu da qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi məhz əvvəlki illərdə, xüsusən 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsində mümkün olub.

“Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Dünya Bankının “Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib. Ölkəmizin kredit reytinqinə görə də mövqeyi xeyli möhkəmlənib. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”,- deyə parlamentin sədri bildirib.

Oqtay Əsədov deyib ki, 2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrlə yadda qalıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılıb. Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, ilin sonuna 45 milyard dollara bərabər olub. Xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb. Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldonun yaranması olub.

Sədr diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Milli Məclisin deputatlarının təkliflərinin icra vəziyyəti ilə bağlı görülmüş işlərə dair ətraflı məlumat bizə təqdim edilib.

“Hesab edirəm ki, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, hökumətin fəaliyyətinin səmərəliliyinin daha da artmasına öz töhfəsini verəcəkdir”, - deyə Oqtay Əsədov söyləyib.

Sonra Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib.

Baş nazir Novruz Məmmədovun
çıxışı

Hörmətli sədr.

Hörmətli deputatlar.

2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olmuşdur. Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçmişdir. Bu seçimi ilə Azərbaycan Respublikasının vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdirmişlər. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirmiş, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan və yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaratmışdır.

Hesabat ilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalmış və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır.

İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilmişdir. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi çox əhəmiyyətlidir.

Ötən ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizinin açılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nümayiş etdirdi. Bunun ardınca Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng TANAP layihəsinin rəsmi açılış mərasimi özünün geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bərabər, Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının növbəti parlaq nümayişi oldu.

Azərbaycan Respublikası Prezidentinin bilavasitə rəhbərliyi altında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar 2018-ci ilin avqustunda uğurla yekunlaşdı və dövlətimizin maraqlarını özündə əks etdirən Konvensiya imzalandı.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin yekunlarına dair iclasındakı nitqində hökumətin fəaliyyətini dərindən və hərtərəfli təhlil edərək, əldə olunan nəticələri yüksək qiymətləndirmiş, 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirmişdir. Belə ki, ölkədə makroiqtisadi sabitlik təmin olunmuş və iqtisadi artım 1,4 faiz təşkil etmişdir. Qeyri-neft sektorunda artım 1,8 faiz olmuş, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artmışdır. Əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşmüşdür və sevindirici haldır ki, bu vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil etmişdir.

2018-ci ildə inflyasiya cəmi 2,3 faiz olduğu halda, əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artmışdır. Bunu müsbət hal kimi dəyərləndirmək lazımdır. Ölkənin valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar olmuşdur. Xarici borcun 3 faizə yaxın azaldılaraq 19 faizə endirilməsi isə ölkə iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.

Ötən il icmal büdcənin gəlirləri 31,4 milyard manat, xərcləri isə 26,3 milyard manat olmuş və ümumi daxili məhsula nisbətdə 6,4 faiz büdcə artıqlığı (profisit) əldə edilmişdir.

Dövlət büdcəsinin gəlirləri 22,5 milyard manat təşkil edərək, təsdiq olunmuş proqnozu 360 milyon manat üstələmişdir.

Dövlət büdcəsinin və icmal büdcənin gəlirləri bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının və prioritet layihələrin tam maliyyələşdirilməsinə imkan yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşmüşdür ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə etmişdir. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artmışdır.

Özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan vermişdir.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, 11 min manat birdəfəlik ödənişin hesabat ilində verilməsinə başlanılmış və ilin sonuna 34 milyon manat vəsait ödənilmişdir. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilmiş, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunmuşdur.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 binanın, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılaraq, sosial mənzillərin satışına başlanılmışdır.

Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunlar üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış kompleksinin inşası tamamlanmışdır.

Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmiş, bu məqsədlərə ayrılmış maliyyə vəsaiti hesabına salınmış və bütün lazımi infrastruktur yaradılmış qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilmişdir.

Hörmətli deputatlar, ölkə iqtisadiyyatının əsas sahəsi olaraq qalmaqda davam edən neft-qaz sektorunda çox mühüm işlər görülmüşdür. 2018-ci ildə 38,7 milyon ton neft, 19,2 milyard kubmetr qaz hasil edilmişdir. Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və müasirləşdirmə tədbirləri davam etdirilmiş, maye qazdoldurma məntəqəsi və illik istehsal həcmini 62 faizdən çox artırmağa imkan verəcək yeni bitum qurğusu istismara verilmişdir.

2018-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu işə salınmış və ilin sonunadək burada 14 min ton məhsul istehsal edilmişdir. Sənayenin inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarının icrası çərçivəsində, Sumqayıt Kimya Sənaye Parkında karbamid zavodunun inşası başa çatdırılmışdır. Ümumi dəyəri təxminən 800 milyon avro təşkil edən həmin müəssisədə ildə 600-650 min ton azot gübrəsi istehsal ediləcəkdir. Ölkənin daxili tələbatını ödəməklə yanaşı, zavodun məhsullarının həm də dünya bazarlarına ixrac edilməsindən respublikaya hər il 160 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olması gözlənilir.

Ötən il qardaş Türkiyədə istismara verilmiş və illik istehsal gücü 10 milyon ton olan “Star” neft emalı zavodu ilk beş il müddətində Azərbaycan iqtisadiyyatına ildə 850 milyon ABŞ dolları, sonrakı dövrlərdə isə hər il 600 milyon ABŞ dollarından çox gəlir gətirəcəkdir.

Bütün dünyada enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi kimi qəbul olunur. Bu prizmadan yanaşdıqda, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunan iclasında vurğuladığı kimi, 2018-ci ildə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza bu sahədə ciddi problemlərin və çatışmazlıqların olduğunu göstərdi. Dövlət başçısının tapşırığı ilə məsələ qısa bir vaxtda araşdırıldı və enerji sisteminin reabilitasiya planının həyata keçirilməsinə başlanıldı. İlkin mərhələdə daxili imkanlar və dövlət büdcəsindən ayrılmış 140 milyon manat məbləğində maliyyə vəsaiti hesabına 230 meqavat güc bərpa edildi.

Mövcud tədbirlər planına uyğun olaraq, 2018-ci ildə əsaslı yenidənqurmadan sonra Mingəçevir Su Elektrik Stansiyası, Lerik rayonunda elektrik stansiyası və “Yeni Yaşma” Külək Elektrik Parkı istismara verilmişdir.

Enerji sisteminin şəbəkə təsərrüfatının inkişafı ilə əlaqədar görülmüş işlər də təqdirəlayiqdir. Bu dövrdə 110 kilovoltluq 11, 35 kilovoltluq 27 yarımstansiyada tikinti və yenidənqurma işləri aparılmış, 123 kilometr kabel, 7500 kilometrə yaxın hava xətləri çəkilmiş və ya təmir olunmuş, 970-dən çox müxtəlif transformator əsaslı təmir edilmiş, 390 komplekt transformator məntəqəsi quraşdırılmış və digər tədbirlər həyata keçirilmişdir.

Sahənin ümumi inkişafının daha da sürətləndirilməsi məqsədilə hüquqi prosedurların sadələşdirilməsini və şəffaflığın təmin edilməsini nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərək, qanunvericilik bazası təkmilləşdirilmişdir.

Dövlət başçısının uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, sənayenin inkişafına dair 2015-2020-ci illər üzrə Dövlət Proqramının icrası artıq öz real bəhrəsini verməkdədir. Müasir texnologiyalara və geniş ixrac imkanlarına malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılması siyasətinə xüsusi önəm verilməsini həm ölkənin sənaye potensialının gücləndirilməsi, həm də Dördüncü Sənaye İnqilabı istiqamətində atılmış düşünülmüş addımlar kimi səciyyələndirmək lazımdır. Belə ki, 2018-ci ildə ölkədə yaradılmış və ümumilikdə 55 müasir müəssisəni özündə birləşdirən 5 sənaye parkında və 4 sənaye məhəlləsində 41 rezident qeydiyyata alınmışdır və onlardan 21-i artıq fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkına 85 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. İllik istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq mahlıcdan iplik istehsal ediləcəkdir.

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının ənənəvi sənaye sahələri ilə yanaşı, yeni yaradılan kosmik, müdafiə, gəmiqayırma və digər sahələrdə də dinamik inkişaf müşahidə olunur. Belə ki, 2018-ci ilin sentyabr ayında orbitə buraxılmış ikinci telekommunikasiya peyki - “Azərspeys-2” bu sahədə xidmətlərin və yayımın əhatə dairəsinin genişləndirilməsini, xidmətlərin çeşidinin və satış həcminin artırılmasını təmin edəcəkdir. Nazirlər Kabineti orbitə çıxarılmış peyklərin fəaliyyətindən ölkəyə milyonlarla dollar valyuta daxil olacağını nəzərə alaraq, “Azərbaycan Respublikasında 2019-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini hazırlayaraq, dövlət başçısına təqdim etmiş və sənəd ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.

İl ərzində Bakı Gəmiqayırma Zavodunda Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında iki bərə gəmisinin və iki neft tankerinin tikintisi davam etdirilmişdir.

Ölkə rəhbərinin tapşırığı ilə xalçaçılıq sənətinin yenidən təşəkkül tapması və Azərbaycan xalçasının əvvəlki şöhrətinin bərpa olunması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Ölkənin 11 rayonunda fəaliyyət göstərən xalçaçılıq müəssisələrində il ərzində 5,5 min kvadratmetrdən artıq milli ornamentlərlə zəngin olan xalça toxunmuşdur. Bu müəssisələrin yun iplik üzrə idxaldan asılılığının aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinin inşasına başlanılmışdır.

Hamıya məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin əsas qida məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə və bu yolla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə necə böyük əhəmiyyət verir. Buna nail olmaq məqsədilə aqrar sahədə ardıcıl olaraq dövlət dəstəyi tədbirləri davam etdirilmiş, mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi qurulmuş, 189 min hektardan artıq otlaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuşdur. Eyni zamanda, respublikanın 33 rayonunda 51 aqroparkın yaradılması üzrə intensiv işlər aparılır. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə, mineral gübrələrin və pestisidlərin güzəştli şərtlərlə satışına, kənd təsərrüfatı texnikasının eyni qaydada lizinqə verilməsinə və digər tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 296 milyon manatdan çox vəsait ayrılmışdır.

Ölkədə baramaçılığın və ipəkçiliyin, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin və şərabçılığın inkişafına dair Dövlət proqramları qəbul olunmuş, arıçılıq sahəsində subsidiya müəyyən edilmiş, gübrələrin satış qiymətinə tətbiq edilən güzəştlər artırılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları güzəştli qiymətlərlə, ümumilikdə 105,6 milyon manat dəyərində müxtəlif təyinatlı mineral gübrələrlə və 3,6 milyon manat dəyərində pestisidlərlə təmin edilmişdir.

Bunlarla yanaşı, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların istifadəyə verilməsi, nasos stansiyalarının, magistral su kanallarının və digər obyektlərin tikintisinin maliyyələşdirilməsi üçün müxtəlif mənbələrdən ümumilikdə 451,5 milyon manat məbləğində vəsait cəlb edilmişdir. Bu vəsait hesabına 568 kilometrdən artıq suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılmış, 52 min hektardan artıq sahədə torpaqların su təminatı yaxşılaşdırılmış, 40 min hektardan artıq yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin edilmişdir. Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 314 subartezian quyusu qazılmışdır.

Yuxarıda qeyd etdiyim irimiqyaslı işlər və icra olunan digər tədbirlər nəticəsində ölkədə əvvəlki illə müqayisədə 4,6 faiz artımla 7 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Burada ixracın həcminin 35,0 faiz artaraq, 590 milyon dollara çatmasını xüsusilə vurğulamaq istərdim.

Nəticə etibarilə bütün bunlar ölkə əhalisinin əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin müsbət dinamikasında öz əksini tapmışdır.

Ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi dövlət başçısının apardığı strateji iqtisadi siyasətin prioritet istiqamətlərindən hesab olunur. Bu səbəbdən görülmüş işlərin, həyata keçirilmiş nəhəng layihələrin respublikanın ümumi inkişafındakı rolunu qeyd etmək istərdim. 2018-ci ildə ölkənin avtomobil yollarının tikintisinə və saxlanılmasına 1,7 milyard manat vəsait yönəldilmişdir. İl ərzində ümumi uzunluğu 2 min kilometrdən çox avtomobil yolları tikilmiş və ya təmir olunmuş, 25 yolötürücüsü, 32 körpü və 4 tunel inşa edilmişdir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu yolların 1260 kilometrə yaxını 800 mindən artıq əhalinin yaşadığı kəndlərarası avtomobil yollarıdır. Əhalinin rahatlığı ilə bərabər, bu yollar bölgələrdə sosial infrastrukturun, sahibkarlığın və turizmin inkişafına da öz töhfəsini verərək, iqtisadi canlanmaya zəmin yaratmışdır.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astaraya qədər olan hissəsinin tikintisinin tamamlanması da əhəmiyyətli hadisədir.

Hesabat ilində Azərbaycanın dəmir yollarının ümumilikdə 220 kilometrlik hissəsində əsaslı təmir işləri aparılmışdır. O cümlədən Bakı-Böyük-Kəsik dəmir yolu xəttində 82,6 kilometr baş yol əsaslı təmir edilmiş, xaricdən 56 müxtəliftəyinatlı lokomotiv alınaraq ölkəyə gətirilmişdir.

Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq, regionlarda turizmin inkişafına xidmət edəcək “Ləki-Qəbələ” dəmir yolu layihəsinin birinci mərhələsində artıq 14 kilometr yol çəkilmişdir və hazırda işlər davam etdirilir. Ən yüksək dünya standartlarına cavab verən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycanın tranzit ölkə kimi dünyadakı və regiondakı mövqeyinin möhkəmlənməsində əhəmiyyəti böyükdür. Ötən il burada 1,8 milyon ton yük qəbul etmək imkanına malik terminal istismara verilmiş, 2 yedək gəmisi və 6 portal kranı alınaraq, Limanın maddi-texniki bazası daha da gücləndirilmişdir.

Bu gün Xəzər Dəniz Gəmiçiliyinin balansında ümumi yük tutumu 550 min tondan artıq olan 260 gəmi və 11 üzən vasitə vardır. Hesabat ilində 2 təchizat-yedək gəmisi alınmış, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını tutumlu iki bərə tipli gəminin və iki tankerin tikintisi davam etdirilmişdir.

Respublikanın mülki hava nəqliyyatında sərnişin və yük daşımaları müvafiq olaraq 1,7 və 17,4 faiz artmış, “Embraer-190” tipli 2 yeni hava gəmisi alınaraq, mövcud təyyarə parkı genişləndirilmişdir.

Dövlət büdcəsinin vəsaiti hesabına Bakı Metropoliteninin vaqon parkı genişləndirilmiş, “Sahil” stansiyasının əsaslı təmiri başa çatdırılmış, yeni metro stansiyalarının tikintisi aparılmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti bir daha göstərir ki, aparılan sosial siyasətin mərkəzində ölkə vətəndaşının maraqlarının təmin edilməsi və onun problemlərinin həlli dayanır. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə 2018-ci ildə Mingəçevir, İmişli və Şəki şəhərlərində regional “ASAN xidmət” mərkəzləri tikilərək fəaliyyətə başlamışdır. Bununla da, belə mərkəzlərin sayı ümumilikdə 17-yə, əhaliyə göstərilən xidmətlərin sayı isə 315-ə çatdırılmışdır.

Hörmətli deputatlar, ölkə iqtisadiyyatının inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli yer tutan regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramının icrası hesabat ilində uğurla tamamlanmışdır. Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi sayəsində yeni istehsal və emal müəssisələri, sosial obyektlər tikilərək istifadəyə verilmiş, çoxsaylı infrastruktur layihələri reallaşdırılmış, genişmiqyaslı quruculuq və abadlıq işləri aparılmışdır.

Belə ki, 2014-2018-ci illər ərzində regionlarda 1600 kilometrdən artıq respublika, 3100 kilometrdən artıq yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, 157 körpü, keçid, tunel və yol qovşağı inşa edilmiş və ya yenidən qurulmuşdur.

Dövlət başçısının şəxsi təşəbbüsü ilə hələ bir neçə il bundan əvvəl əhalinin keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması proqramı çərçivəsində ölkənin 61 rayon mərkəzində beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş kreditlər və dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına genişmiqyaslı işlərə başlanılmışdır. Nəticədə 38 şəhərin su təminatı məsələsi öz həllini tapmışdır və hazırda 12 şəhərdə işlər davam etdirilir.

İl ərzində 10 min 590 kilometr elektrik verilişi xətti, 4000 kilometrə qədər müxtəlif gərginlikli kabel xətti, 152 yarımstansiya, 1600-dən artıq transformator məntəqəsi tikilmiş və əsaslı təmir edilmişdir. Eyni zamanda, 27 min kilometrdən artıq qaz xətti çəkilmiş və ya yenidən qurulmuş, 903 yaşayış məntəqəsi qazla təchiz edilmişdir. Bütün bunlar ölkədə qazlaşdırılmanın səviyyəsinin hesabat ilinin sonuna 95,7 faizə çatdırılmasına imkan vermişdir.

Proqram çərçivəsində regionlarda 800-dən artıq məktəb və uşaq bağçası, 130-a yaxın tibb müəssisəsi tikilmiş və ya yenidən qurulmuş, 300-dən çox yeni telefon stansiyası quraşdırılaraq və rekonstruksiya edilərək istismara verilmiş, 61 poçt binası tikilmişdir.

Təhsil, səhiyyə, turizm, idman və digər sahələrdə əldə edilən nailiyyətləri aparılan uğurlu humanitar siyasətin məntiqi nəticəsi kimi dəyərləndirə bilərik. Təkcə bir faktı qeyd edim ki, dövlət büdcəsindən təhsilin inkişafına yönəldilən xərclər son 15 ildə 8 dəfədən çox artaraq, 2,1 milyard manat təşkil etmişdir.

Dövlət başçısının tapşırığı ilə ucqar kəndlərdə mövcud qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi məqsədilə 8120 yerlik 137 modul tipli məktəb istifadəyə verilmişdir. Ölkə üzrə 5 yaşlı uşaqların 75 faizi məktəbəqədər hazırlığa cəlb olunmuşdur. Humanitar sahədə əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində ali məktəb tələbələri üçün 800 yerlik yataqxana kompleksi inşa edilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarları ilə iri sənaye mərkəzlərində və regionlarda yerləşən peşə təhsili müəssisələrinin bazasında 24 Peşə Təhsil Mərkəzi yaradılaraq, sistemin təkmilləşdirilməsi və səmərəli fəaliyyəti təmin edilmişdir.

Səhiyyənin inkişafında əsas diqqət tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni texnologiyaların, müayinə və müalicə üsullarının geniş tətbiqinə yönəldilmişdir. İl ərzində ən yüksək səviyyədə inşa olunmuş və müasir avadanlıqlarla təchiz edilmiş Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Quba rayon və Naftalan şəhər mərkəzi xəstəxanaları istifadəyə verilmiş, 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır.

Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi, turizmin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Dövlət Turizm Agentliyi yaradılmışdır. Görülən tədbirlər və atılan addımlar ölkəyə gələn xarici turistlərin sayının 6 faiz artaraq, 2,8 milyon nəfərə çatmasına əhəmiyyətli təsir göstərmişdir.

2018-ci il gənclərimiz və idmançılarımız üçün də uğurlu il olmuş və sanballı qələbələrlə yadda qalmışdır. Ölkədə 225 yerli, 58 beynəlxalq yarış keçirilmiş, idmanın müxtəlif növləri üzrə yığma komandalarımız 236 beynəlxalq yarışda iştirak etmişdir. Azərbaycan idmançıları dünya, Avropa çempionatlarında, kubok yarışlarında və beynəlxalq turnirlərdə 263-ü qızıl olmaqla, ümumilikdə 753 medal qazanmışlar.

Hesabat ilində ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində görülən işlər də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ekoloji durumun yaxşılaşdırılması və mövcud yaşıllıqların qorunub saxlanılması məqsədilə yaşayış məntəqələrinin müfəssəl planı hazırlanarkən, yaşıllıq salınması üçün nəzərdə tutulan sahənin ölçüləri, adambaşına düşən yaşıllıq sahəsi və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsinin normaları təsdiq edilmiş, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması üçün şəffaf mexanizm yaradılmışdır.

İl ərzində ekoloji vəziyyətə və infrastruktura mənfi təsir edən qum-çınqıl yataqlarında qeyri-qanuni fəaliyyət göstərən 97 fiziki və hüquqi şəxs barəsində inzibati tədbirlər görülmüş, təbiətə dəymiş ziyana görə 12,3 milyon manat məbləğində cərimə ödənilmişdir.

Dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir. İl ərzində Bakı şəhərində 500 min tondan artıq tullantı tədarük olunmuş, onun 494 min tonunun yandırılması nəticəsində 162,2 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.

Hörmətli deputatlar, son illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi baza daha da liberallaşdırılmış, sahibkarlara maliyyə dəstəyi mexanizmi təkmilləşdirilmiş, dövlət-sahibkar münasibətləri inkişaf etdirilərək əlverişli rəqabət mühiti yaradılmış, sahibkarlara göstərilən elektron xidmətlərin sayı xeyli çoxalmışdır. Nəticə etibarilə görülən bütün bu işlər özəl sektorun ümumi daxili məhsuldakı payının 84 faizədək yüksəldilməsinə zəmin yaratmışdır.

Ölkə iqtisadiyyatında biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan davamlı islahatlar sayəsində Dünya Bankı tərəfindən hazırlanan və 190 ölkəni əhatə edən “Doing Business-2019” hesabatında Azərbaycan 32 pillə irəliləmiş, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə liderlik mövqeyinə yüksəlmişdir. “Doing Business-2019” hesabatının əhatə etdiyi 10 indikatordan 8-i üzrə öz mövqelərini yaxşılaşdıran ölkəmiz dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmişdir.

Hesabat ilində dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsinə, kənd təsərrüfatı sahəsində çalışanlara subsidiyaların verilməsinə, aqroparkların, biznes-inkubatorların yaradılmasına, ixrac missiyalarının təşkilinə və digər tədbirlərə xüsusi önəm verilmişdir.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmiş, bu sahibkarlıq subyektlərinin qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması ilə bağlı texniki şərtlərin ödənişsiz verilməsi müəyyənləşdirilmiş, prosedurlar əhəmiyyətli dərəcədə sadələşdirilmişdir.

2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ümumi dəyəri 618 milyon manata yaxın olan layihələrin maliyyələşdirilməsi üçün sahibkarlara 160 milyon manatdan artıq güzəştli kreditlər verilmişdir.

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə sahibkarlara dövlət büdcəsindən 15,0 milyon manat məbləğində ixrac təşviqi ödənilmişdir.

Hörmətli deputatlar, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi-sənaye potensialının artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin müasir döyüş texnikası və silah-sursatla təmin edilməsi, şəxsi heyətin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparılmışdır.

Silahlı Qüvvələrin ən yeni hərbi texnika, o cümlədən yüksək dəqiqliyə malik uzaqmənzilli “Polonez” və “Lora” raket sistemləri, ballistik raketlərə qarşı hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə qurğuları və digər hərbi texnika ilə təchiz edilməsi diqqət mərkəzində olmuşdur.

Ölkənin Silahlı Qüvvələrinin arsenalında olan hərbi texnikanın və döyüş vasitələrinin Bakı şəhərində keçirilmiş iki möhtəşəm hərbi paradda nümayiş etdirilməsi yuxarıda deyilənlərə əyani sübutdur.

Azərbaycan Ordusunun ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı uğurlu hərbi əməliyyatı nəticəsində strateji əhəmiyyətli yüksəkliklər ələ keçirilmiş və 1992-ci ildən düşmənin nəzarətində olan Günnüt yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

2018-ci ildə ölkənin müdafiə sənayesi müəssisələrində 1200 adda ümumi məbləği 250 milyon manata yaxın olan məhsul istehsal edilərək, sifarişçilərə təhvil verilmiş, müəssisələrin ixrac imkanları artırılaraq, təxminən 120 milyon manat dəyərində hərbi təyinatlı məhsul ixrac olunmuşdur.

Ötən il Bakı şəhərində 29 ölkədən 250-dən çox rəsmi nümayəndə heyətinin və şirkətin iştirak etdiyi “ADEX-2018” 3-cü Beynəlxalq müdafiə sərgisində müdafiə sənayesinin artan imkanları bir daha nümayiş etdirilmişdir.

Hesabat ilində ümumilikdə müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 526,8 milyon manat artırılaraq, 3,3 milyard manat təşkil etmişdir. Eyni zamanda, Silahlı Qüvvələrə yardım Fonduna il ərzində cəmiyyətin müxtəlif təbəqələri tərəfindən 8,4 milyon manat məbləğində ianələr daxil olmuş və orada toplanan vəsaitin ümumi məbləği 96,8 milyon manata çatmışdır.

Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı konseptual xarakterli çıxışında müəyyən etdiyi vəzifələri hökumət özünün fəaliyyət proqramı kimi qəbul edərək, bütün qüvvələrini və imkanlarını bu tapşırıqların icrasına səfərbər etmişdir.

Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlət strukturlarının rəhbərlərinin nəzərinə bir daha çatdırılmışdır ki, qarşıda duran əsas hədəflər Azərbaycan Respublikası Prezidentinin xalqın milli maraqlarına tam cavab verən siyasətinin onun yüksək tələbləri səviyyəsində həyata keçirilməsinə, aparılan çoxşaxəli və sistemli sosial-iqtisadi islahatların daha da dərinləşdirilməsinə nail olmaqdır. Eyni zamanda, ölkə rəhbərinin daim vurğuladığı kimi onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun sosial rifahının durmadan yüksəldilməsi kimi şərəfli vəzifələrin durduğunu hamı diqqətdə saxlamalıdır.

Təbii ki, Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətini və görülən işləri bir çıxışda tam əhatə etmək mümkün deyildir və ona görə də yığcam şəkildə sizə çatdırmaq istədiyim bunlardan ibarət idi. Bu barədə geniş hesabat isə əvvəlcədən Milli Məclisə təqdim edilmişdir və ümidvaram ki, onunla tanış olmağa imkan tapmısınız və müzakirələrdə fəal iştirak edərək, dəyərli təkliflərinizlə ümumi işimizə öz töhfələrinizi verəcəksiniz.

İmkandan istifadə edib qarşıdan gələn gözəl Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram. Qoy bu Bahar bayramı ölkəmizə yeni-yeni uğurlar, evlərimizə bol ruzi-bərəkət gətirsin.

Diqqətinizə görə sağ olun.

X X X

Sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər. Milli Məclis sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, deputatlar Elçin Quliyev, Elmira Axundova, Fəzail Ağamalı, Arif Rəhimzadə, Siyavuş Novruzov, Fərəc Quliyev, Əli Hüseynli, Əli Məsimli, Tahir Mirkişili, Musa Qasımlı, Kamilə Əliyeva, Rəşad Mahmudov, Jalə Əliyeva, Ağalar Vəliyev, Tahir Kərimli, İsa Həbibbəyli, Şahin İsmayılov, Cavid Osmanov, Tahir Rzayev, Eldar Quliyev, Çingiz Qənizadə qeyd ediblər ki, hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. Hökumətin fəaliyyəti yüksək dəyərləndirib. Deputatlar, həmçinin qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Daha sonra Baş nazir Novruz Məmmədov çıxış edərək deyib ki, bizim yolumuz Azərbaycan dövlətçiliyinin əbədi olmasıdır. Bu da bizim üçün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Biz bu yolla getməliyik. Azərbaycanın inkişafı, vətəndaşların rifahının yüksək səviyyəyə qaldırılması əsas məqsədimiz olmalıdır. Düşünürəm ki, bizim hamımız, bütün təsisatlar buna nail olmaq üçün daha səylə çalışmalıdırlar.

Siz çox maraqlı, faydalı təkliflər verdiniz. Bu təkliflərin bir çoxu ilə bağlı artıq iş görülür. Siz görülən işlərlə bağlı vaxtaşırı məlumat alacaqsınız. Bilirsiniz ki, Prezident İlham Əliyev ilin əvvəlindən bəri vətəndaşları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı çox mühüm fərmanlar və sərəncamlar imzalayıb. Siz də çıxışlarınızda bu yöndə bir sıra təkliflər verdiniz. Əlbəttə sizin təklifləriniz də nəzərə alınacaq. Məlumdur ki, Azərbaycanın sürətli inkişaf yolu ilə irəliləməsində Milli Məclisin də böyük rolu vardır. Sizə uğurlar arzu edirəm.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN