SİYASƏT


Milli Məclisdə “Reklam haqqında” qanun layihəsi müzakirə edilib

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Milli Məclisin iqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə komitə üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri də iştirak ediblər.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin iqtisadi siyasət komitəsində reklam fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb. İlk dəfə Milli Məclis 1997-ci ildə “Reklam haqqında” qanunu qəbul edib. Həmin vaxt ölkənin sosial-iqtisadi vəziyyəti aşağı idi. İndi o vaxtdan 15 ildən artıq müddət keçib və Azərbaycan sosial-iqtisadi sahədə ciddi uğurlara nail olub. Buna görə də müasir dövrün tələblərinə uyğun reklam fəaliyyətinin daha səmərəli tənzimlənməsinə ehtiyac var.

İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verib. Bildirilib ki, mövcud “Reklam haqqında” qanun 30 maddədən ibarət olduğu halda, yeni layihə 39 maddədən ibarətdir. Bu layihədə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sonra kütləvi informasiya vasitələrinin, reklam verilməsi və yayılmasını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov yeni qanun layihəsinin bu sahədəki mövcud qanunvericiliklə uyğunlaşdırılmasının, eləcə də sosial reklamlar məsələsinin layihədə ayrıca təsbit olunmasının vacibliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov layihənin beynəlxalq tələblər nəzərə alınmaqla hazırlandığını bildirib.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Qanunun indi cəmiyyətdə aktual olduğunu qeyd edən şöbə müdiri reklam sahəsində xarici təcrübə tətbiq olunarkən onun yaxşı tərəflərinə diqqət yetirilməsinin zəruriliyini bildirib, reklam bazarında rəqabətin önəmindən danışıb.

Dövlətin reklam sahəsində sağlam rəqabətin yaradılmasına dəstək verdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, tənzimlənmə bazar iqtisadiyyatına, Azərbaycan dövlətinin inkişafına uyğun olmalıdır.

Prezident Administrasiyasının rəsmisi deyib: “O məsələ ki Azərbaycanın inkişafına xidmət edir, biz ona yol açmalıyıq. Əgər ciddi bir ictimai fəsad vermirsə, bizim milli mənəvi dəyərlərimizə zidd deyilsə, kimsə malını reklam etmək üçün Azərbaycanın reklam büdcəsinə pul gətirir və burada xərcləmək istəyirsə, qoy xərcləsin. Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə. Bunlar mütləq şəkildə qorunmalıdır”.

Əli Həsənov deyib ki, layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapıb. Bununla yanaşı, hesab edirəm ki, layihənin üzərində iş davam etdirilməli, mübahisə yaradacaq və fəaliyyəti subyektlərin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır. İşçi qrupu həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılarından daxil olmuş təklifləri diqqətlə araşdırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır. Bundan başqa, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, sui-istifadə amili aradan qaldırılmalıdır.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, təklif olunan qanun layihəsi reklam bazarının inkişafına xidmət etməklə yanaşı, həm də yerli və xarici şirkətləri reklama həvəsləndirməli, reklam subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin, ağır maliyyə sanksiyalarının, süründürməçiliyin, bürokratik əngəllərin və digər mənfi halların qarşısını almalıdır.

Əli Həsənov bir sıra prinsipial məsələlərlə bağlı təkliflərini işçi qrupuna təqdim edib.

İclas işini qanun layihəsinin müzakirəsi ilə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.