CƏMİYYƏT


Milli Məclisdə “Vətən müharibəsində Zəfərimizin bir ili” mövzusunda videokonfrans təşkil olunub

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Lənkəran Dövlət Universiteti ilə birgə “Vətən müharibəsində Zəfərimizin bir ili” adlı videokonfrans təşkil edilib.

Onlayn formatda keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İştirakçılar şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyiblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ziyafət Əsgərov Vətən müharibəsində Zəfərin birinci ildönümünə həsr olunmuş konfransların Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunduğunu diqqətə çatdırıb. Komitə sədri noyabrın 8-də qeyd edəcəyimiz Zəfər Gününün Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti, şanlı Ordumuzun rəşadəti sayəsində qazanılan Zəfərimiz Azərbaycan xalqının tarixində müstəsna rola malik hadisədir.

Çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin keçdiyi yola, inkişaf istiqamətlərinə nəzər salan komitə sədri ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində bağlanan neft müqavilələri, ondan sonra yüksələn xətlə gedən iqtisadi tərəqqi, beynəlxalq əlaqələrimizin genişlənməsi, milli ordumuzun qurulması və möhkəmlənməsi kimi bir sıra mühüm məsələlər barədə danışıb.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına toxunan deputat bu məsələ ilə bağlı beynəlxalq hüququn passiv mövqe sərgilədiyini bildirib. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, həmçinin bir sıra digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin uzun illər kağız üzərində qaldığını qeyd edib. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəl törədən Ermənistanın ardı-arası kəsilməyən təxribatlarından danışıb. 2016-cı ilin Aprel döyüşlərində ağır zərbə alan təcavüzkarın 2020-ci ilin iyulunda yenidən təxribata əl atdığını xatırladıb. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatının ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatdığını qeyd edib. Ziyafət Əsgərov Vətən müharibəsində qardaş Türkiyənin və Pakistanın ölkəmizə mənəvi-siyasi dəstəyindən söz açıb. İşğaldan azad olunmuş ərazilərdə hazırda aparılan abadlıq-quruculuq işlərindən danışıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasiminin baş tutduğu bu günün də tarixi gün olduğunu vurğulayıb.

Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov xalqımızı Zəfərə aparan yola nəzər salıb. Ordu-xalq birliyindən danışıb, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini qeyd edib. Müzəffər Ordumuzun qüdrətindən, düşmənə layiqli cavab verməsindən, Azərbaycan xalqını qalib xalq kimi dünyada tanıtmasından bəhs edib. 44 günlük Vətən müharibəsi dövründə xalqımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini və müharibəni Qələbə ilə başa çatdırdığını vurğulayıb.

Videokonfransda çıxış edən Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Kamal Mahmudov, Filologiya və ibtidai təhsil fakültəsinin dekan müavini dosent Qədim Rufullayev, Maliyyə idarəetməsi və audit kafedrasının müdiri dosent Əlixan Bədəlov, Kimya və fizika kafedrasının müdiri dosent İsa Hüseynov Zəfərimizlə bağlı fikirlərini bildiriblər. Natiqlər Vətən müharibəsində qazanılan qələbələrin xronikası, dövlətimizin başçısının siyasi iradə və qətiyyət nümayiş etdirərək beynəlxalq təzyiqlərə mətanətlə sinə gərməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu, işğaldan azad olunan ərazilərdə yüksək templə aparılan bərpa və quruculuq işləri barədə danışıblar. Vurğulanıb ki, Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlandığını göstərir.

Məruzəçilər bütün iştirakçıları və xalqımızı Zəfər bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda Lənkəran Dövlət Universiteti təmsilçilərinin Vətən müharibəsində iştirak etmələri, şəhadətə yüksələnlər, dövlət təltifləri alanlar, qazi olanlar barədə də iftixarla məlumat verilib.

Sonra universitetin magistri Aytac Tacibzadə Azərbaycanda aparılan gənclər siyasətindən bəhs edib. Vətən müharibəsində iştirak edən gənclərin timsalında bu siyasətin düzgün qurulduğunu deyib. Bu gün Azərbaycan gənclərinin dünyanın 30-dan çox beynəlxalq təşkilatında ləyaqətlə təmsil olunduğunu bildirib.

Videokonfransı yekunlaşdıran Ziyafət Əsgərov qeyd edib ki, yalnız hərb meydanında deyil, informasiya və diplomatiya sahələrində də məharətlə mübarizə aparan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təmkini, geniş erudisiyası, müdrik siyasəti sayəsində torpaqlarımız işğaldan azad olunub, xalqımız mənfur düşmənə qalib gələrək Zəfərə qovuşub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.