SİYASƏT


Milli Məclisdə Xocalının Quşçubaba kəndinin Baharlı, Xocavəndin Tsakuri kəndinin Hünərli adlandırılmasına dair məsələlərə baxılıb

Bakı, 13 noyabr, AZƏRTAC 

Noyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası acan komitə sədri Siyavuş Novruzov bildirib ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın 30 il ərzində xarici havadarlarının dəstəyi sayəsində işğal altında saxladığı torpaqlarımızı azad edib. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər qeyd-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır. Bu bəyanata əsasən Türkiyə ilə Azərbaycanı, eyni zamanda, Türkiyə ilə Rusiyanı birləşdirən ən qısa quru yol olacaq Naxçıvan Muxtar Respublikası ilə gediş-gəliş koridorunun olması çox önəmlidir.

Siyavuş Novruzov vurğulayıb ki, ölkəmiz üçün həssas olan bu günlərdə Milli Məclis rəhbərliyi, deputatlarımız xüsusi fəallıq nümayiş göstəriblər.

Sonra komitə sədri iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib. Layihələrə əsasən Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qeyd edilib ki, Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndinin adı dəyişdirilərək həm coğrafi baxımdan, həm də Azərbaycan leksikonuna uyğun olaraq ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır.

Komitə sədri Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndinin adı ilə bağlı bildirib ki, bu kənd qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə əks etdirir.

Sonra deputatlar Məzahir Əfəndiyev və Tahir Rzayev müzakirə olunan məsələlərə münasibət bildirərək qeyd ediblər ki, kəndlərimizə verilən yeni adlar müasir dövrün reallıqlarının gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir.

İclasın sonunda qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.