CƏMİYYƏT
Milli Məclisdə "Milli arxiv fondu haqqında” Qanuna edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib
Bakı, 17 iyun, AZƏRTAC
Milli Məclisdə "Milli arxiv fondu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin iyunun 17-də keçirilən növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılıb.
Prezident İlham Əliyevin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. “Milli arxiv fondu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Dövlət Proqramına uyğun olaraq hazırlanıb. Qanun layihəsində Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakının, arxivlərin maddi-texniki təminatının, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Təklif olunan dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur.