İQTİSADİYYAT


Milli Məclisdə enerji resurslarından səmərəli istifadə ilə bağlı qanun layihəsi müzakirə olunub

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov gündəliyə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib. Bildirib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

Qanun layihəsi barədə Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib. Diqqətə çatdırılıb ki, Qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

8 fəsil, 23 maddədən ibarət olan sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.

Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Məşhur Məmmədov, Nəsib Məhəməliyev, İltizam Yusifov, Fatma Yıldırım, Naqif Həmzəyev qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini söyləyiblər.

İclasda iştirak edən energetika nazirinin müavini Samir Vəliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Nüsrət Əliyev, “Azərenerji” ASC-nin Aparat rəhbəri Vüqar Əliyev və digər mütəxəssislər qanun layihəsinin əhəmiyyəti barədə danışıblar, enerji resurslarının istehsalı və istehlakı sahəsində effektivliyin artırılması, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı məsələlərdən bəhs ediblər. Bildirilib ki, müzakirəyə çıxarılan qanun layihəsi bu istiqamətdə ölkədə həyata keçirilən islahatlar çərçivəsində önəmli rol oynayacaq.

İclasda komitə üzvləri Afət Həsənova, Anar Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin iştirak ediblər.

Tədbirin sonunda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.