CƏMİYYƏT


Milli Məclisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş tədbir keçirilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2 saylı İlk Ərazi Təşkilatı İdarə Heyətinin müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 saylı İlk Ərazi Təşkilatı İdarə Heyətinin sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Sonra Yeni Azərbaycan Partiyasının qurucularından biri, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov “Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda məruzə ilə çıxış edib, Ulu Öndərin mənalı həyat yoluna nəzər salıb, xatirələrini bölüşüb.

İclasda İlk Ərazi Təşkilatı İdarə Heyətinin üzvü, Milli Məclis Aparatının sektor müdiri Kəmalə Paşayeva “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzələr ətrafında aparılan müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Nizami Səfərov çıxış edərək ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb, dahi rəhbərin Azərbaycan dövləti və xalqı üçün gördüyü nəhəng işlərdən danışıblar.

Qeyd olunub ki, Ulu Öndərin illər öncə həyata keçirməyə başladığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ilk dəfədir Heydər Əliyevin doğum gününü Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində keçiririk. Torpaqlarımızın işğaldan azad edilməsi Ümummilli Liderin ən böyük arzusu idi və bu gün onun ruhu şaddır.

Tədbirdə 2 saylı İlk Ərazi Təşkilatı İdarə Heyətinin üzvləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.