SİYASƏT
Milli Məclisə seçkilərə son hazırlıq işləri görülür
Bakı, 26 oktyabr, AZƏRTAC
Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq işləri təqvim planına uyğun olaraq davam etdirilir. Artıq son hazırlıq işlər görülür.
AZƏRTAC xəbər verir ki, qeydə alınan 767 namizəd seçkiqabağı təşviqatını həyata keçirir. Təşviqat səsverməyə 24 saat qalmış başa çatacaq. Seçkilərə çağırışla bağlı bildirişlərin aşağı seçki komissiyaları tərəfindən paylanması işləri artıq yekunlaşıb. 5 milyon 250 min bildiriş çap olunub. Ölkə üzrə 5 milyon 200 minə yaxın vətəndaş seçici siyahılarında qeydiyyatdadır. Onlardan 564 nəfərini 100 və daha çox yaşı olan seçicilər təşkil edir.
Noyabrın 1-də isə 257 seçici ilk dəfə səs vermək hüququ əldə edəcək. Seçkiləri izləmək istəyən 500-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlar 37 beynəlxalq təşkilatın nümayəndələridir. Seçkiləri izləyəcək yerli müşahidəçilərin sayı isə 60 minə yaxındır.
Hazırlıq işləri çərçivəsində gözdən əlil seçicilərin sərbəst səs verməsi üçün MSK tərəfindən brayn əlifbası ilə xüsusi trafaretlər hazırlanaraq aşağı seçki komissiyalarına paylanılıb. Hərəkət qabiliyyəti məhdud olan şəxslər üçün isə məntəqə seçki komissiyalarının qarşısında panduslar qoyulub.