ELM VƏ TƏHSİL


Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlər barədə hesabat verib. Bildirib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitədə 22 məsələyə baxılıb, bir sıra qanunlara mühüm əlavə və dəyişikliklər edilib. İsa Həbibbəyli son illər ərzində ölkəmizdə elm və təhsil sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə də fikirlərini paylaşıb.

Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı barədə danışan komitə sədri diqqətə çatdırıb ki, payız sessiyasında hazırda üzərində iş gedən “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bundan başqa, komitə ölkəmizdə ciddi tələbat hiss edilən məsələ olduğuna görə “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması təklifi ilə də çıxış edəcək.

Çıxış edən komitə üzvləri Bəxtiyar Əliyev, Rafael Hüseynov, Asim Mollazadə, Şəmsəddin Hacıyev və Musa Qasımlı komitənin yaz və növbədənkənar sessiyalar dövründəki fəaliyyətini yüksək qiymətləndirib, payız sessiyasında da komitənin işinin uğurlu olacağına əminliklərini ifadə ediblər.

Sonra “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) qanun layihəsi müzakirə olunub. Bildirilib ki, bu qanun layihələrinə təklif olunan dəyişikliklər “Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

İclasda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər də uyğunlaşdırma xarakterlidir.

Sonra qeyd edilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər (birinci oxunuş) isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğunlaşdırmanı nəzərdə tutur.

Müzakirələrdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.