CƏMİYYƏT


Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev 20 Yanvar faciəsindən danışıb. Müstəqillik tariximizdə Ulu Öndər Heydər Əliyevin xidmətlərini vurğulayan komitə sədri bu hadisələrə qiymət verilməsində Ümummilli Liderin rolunu qeyd edib. Bildirib ki, müstəqillik yolunda böyük məhrumiyyətlərdən keçən Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanmaqda davam edir.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra komitə sədri Bəxtiyar Əliyev gündəliyə 3 məsələnin - Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərək komitənin 11 iclasının keçirdiyini, iclaslarda 19 məsələnin müzakirə edildiyini deyib. Ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verən komitə sədri bildirib ki, hesabat dövründə komitəyə daxil olan 156 müraciətə aidiyyəti üzrə baxılıb və müvafiq tədbirlər görülüb, komitə tərəfindən 16 vətəndaş qəbul edilib, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşlər keçirilib, onların problemlərinin həllinə köməklik göstərilib.

Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırılıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Həmçinin komitəyə daxil olan təkliflərin təhlili və vətəndaşların müraciətləri ilə işin təşkili kimi məsələlər nəzərdə tutulub. O, iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasının daxil edildiyini qeyd edib.

İclasda müzakirəyə çıxarılan “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, sənəd “Media haqqında” Qanununun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır. Layihədə mətn boyu “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitəsi” kimi ifadələrin “media subyektləri”, “media” ifadələri ilə əvəzləmək təklif olunub.

Elm və təhsil komitəsinin üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov, Etibar Əliyev və Kamilə Əliyeva çıxış edərək, müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihəsi isə baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova, Rafael Hüseynov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.