İQTİSADİYYAT


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən sessiya müddətində komitənin 26 iclası keçirilib, 180 qanun layihəsi müzakirə olunub. Bir sıra qanunlara dəyişikliklərin edilməsi, sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlərə, yeni hazırlanmış qanunların layihələrinə baxılıb.

Bildirilib ki, komitə iqtisadi islahatların dərinləşməsinə həmişə öz dəstəyini verir. Bu sahədə qanunvericilik bazası daim təkmilləşdirilir. 2019-cu ilin payız sessiyasının iş planına da iqtisadi sahənin daha da inkişaf etdirilməsini təmin edəcək bir sıra vacib qanun layihələri daxil edilib.

2019-cu ilin yaz və növbədənkənar sessiyalarında komitənin fəaliyyəti qənaətbəxş hesab edilib, payız sessiyası üçün iş planı müsbət dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, bugünkü iclasda “Lombardlar haqqında” (2-ci oxunuş), “Texniki tənzimləmə haqqında” (3-cü oxunuş), “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılır.

İkinci oxunuş üçün təqdim olunmuş “Lombardlar haqqında” Qanun barədə bildirilib ki, sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətlər tənzimlənir. Layihənin ilk müzakirəsi zamanı verilən təklif və tövsiyələr qanunda öz əksini tapıb.

Komitə üzvləri Vahid Əhmədov, İlham Əliyev, Əli Məsimli, Tahir Mirkişili, Şəmsəddin Hacıyev, Cavid Qurbanov qanun layihəsi barədə fikirlərini bildirib, təkliflərini veriblər.

Bildirilib ki, bu, çox vacib qanundur, əhalinin müəyyən həssas təbəqəsini əhatə edir və bu sahədə şərtlər elə olmalıdır ki, insanlara ziyan dəyməsin. Layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətli olduğu qeyd edilib.

Tədbirdə iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov səsləndirilən suallara aydınlıq gətirib.

Müzakirələr zamanı deputatlar digər qanun layihələrinə də münasibət bildiriblər.

İclasın sonunda gündəliyə daxil edilən bütün sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.