İQTİSADİYYAT


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, birinci oxunuşda təqdim olunan məsələ ilə bağlı qanun layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlandığı bildirilib. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub. Fərmanda göstərilən məsələlərin həlli məqsədilə “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur.

Nəzərə çatdırılıb ki, qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı 8-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər yenidən sistemləşdirilir, həmçinin qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Bildirilib ki, nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.

Qeyd olunub ki, qanunun 9-cu maddəsində edilən düzəlişlər əsasında isə bir sıra azadolma halları ilə bağlı maddələr ləğv edilir. Belə ki, 9.1.14-cü maddəyə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir. Bildirilib ki, qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.

İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, bu gün məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar institusional dəyişiklikləri, özəl ekspertiza qurumlarının yaradılması, məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyətin yaxşılaşdırılması kimi məqamları əhatə edir. Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər bu sahədə olan vəziyyətin optimallaşdırılması ilə əlaqədardır. Qanunvericiliyin təkmilləşdirilməsində məqsəd həm də ədalət mühakiməsinin keyfiyyətinin, məhkəmə qərarlarından insanların məmnunluğunun artırılmasıdır.

Vəkillər Kollegiyasının nümayəndəsi Anar Qasımlı qanun layihəsi barədə fikirlərini açıqlayaraq deyib ki, sənəd, eyni zamanda, məhkəmələrə verilən əsassız şikayətlərin qarşısının alınmasına xidmət edəcək.

Çıxışlarda məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumu ilə bağlı dünya ölkələrinin təcrübəsindən bəzi nümunələr və statistik rəqəmlər diqqətə çatdırılıb.

Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Rüfət Quliyev qanun layihəsinə öz münasibətlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkənin məhkəmə-hüquq sisteminin hazırki vəziyyəti, burada tətbiq olunan rüsumlar barədə danışıb. Milli Məclis sədrinin müavini bu sahənin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə digər qanun layihəsinə baxılıb. Məlumat verilib ki, sənəd “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif olunan dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır. Layihədə “xarici avtomaşınlar”, “xarici nəqliyyat vasitələri”, “xarici yük avtonəqliyyat vasitələri” ifadələrinin müvafiq olaraq “xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınlar”, “xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələri” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.

İclasın sonunda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.