İQTİSADİYYAT
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə 9 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri gündəliyin birinci məsələsi - "Ələt azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Qeyd edib ki, Ələt azad iqtisadi zonasında bir çox məsələlərin tənzimlənməsi ilə bağlı daha geniş baxışa ehtiyac var. Qanun layihəsi bir çox məsələlərdə dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq. Həmçinin yerli sahibkarların rəqabətqabiliyyətliliyinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcək. Belə ki, bir neçə dəyişikliyi özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir.
T.Mirkişili deyib ki, bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən hüquqi şəxslərin bütün vergilərdən azad olmasıdır. Dəyişikliyə görə, artıq iqtisadiyyatın əsas vergiödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar.