CƏMİYYƏT


Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olmaqla onlayn və fərdi qaydada seçicilərinin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlarla bağlı seçicilərə gözaydınlığı verilib, tezliklə bütün ərazilərimizin işğaldan azad olunacağı və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyi bildirilib.

Seçicilər hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şanlı dövrünü yaşadığını, övladlarının hərbi xidmət keçmələrinin onlar üçün çox böyük fəxr olduğunu, Vətənimizin bütövlüyünün təmin edilməsinin və Ermənistanın təcavüzünə birdəfəlik son qoyulması zamanının çatdığını bildiriblər. Habelə seçicilərin üzləşdikləri müxtəlif problemlər səsləndirilib, vətəndaşlar tərəfindən qaldırılan sosial, humanitar, kommunal və infrastruktur məsələləri müzakirə edilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, habelə digər müraciətlər araşdırılması və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilib.

Adil Əliyev görüş zamanı Milli Ordumuzun göstərdiyi şücaətlə yanaşı, hər birimizin də həm Ermənistana, həm də koronavirusa qarşı mübarizədə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi tövsiyə edib. Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar bütün zəruri tədbirlərin görüldüyünü bildirən A.Əliyev vətəndaşları tibbi-profilaktik qaydalara riayət etməyə, habelə tətbiq olunan karantin rejiminə ciddi əməl etməklə dövlət orqanlarının işini çətinləşdirən hərəkətlərdən çəkinməyə çağırıb. 

Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə minnətdarlıqlarını ifadə edib, hər zaman ölkə rəhbərliyini dəstəklədiklərini, habelə bütün göstərişləri icra etməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı karantin qaydalarına ciddi əməl edilib. Sonda bəzi aztəminatlı ailələrə sovqat və tibbi ləvazimatlar paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.