SİYASƏT
Milli Məclisin Sədri: Ermənistanın Suriya və Livan qaçqınlarını qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırması narahatlıq doğurur VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Ən yüksək səviyyədə - BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı söyləyib.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat barədə danışan Milli Məclisin Sədri deyib: Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Ermənistan tərəfindən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.