SİYASƏT


Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın hərbi təxribatları barədə müsahibə verib VİDEO

Bakı, 29 sentyabr, AZƏRTAC

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk olaraq, prosesləri diqqət mərkəzində saxlayan qardaş Türkiyənin dövlət kanalına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edən Sahibə Qafarova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə ediblər: "Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng edib və qardaş Türkiyənin dəstəyini ifadə edib. Eyni zamanda, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları veriblər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk".

Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumla Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib: "Onlar həm də sivil əhalini hədəf alıblar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olub. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlayıb və düşməni geri çəkilməyə məcbur edib".

Artıq şanlı ordumuzun bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova əmin olduğunu bildirib ki, haqq uğrunda savaşan ordumuz ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək: "Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk. Biz illərdir işğal altında qalan ata-baba yurdumuzu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz dikməmişik. Biz, bizə aid olanı geri alırıq və alacağıq".

Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək.

"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!", - deyə Sahibə Qafarova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.