SİYASƏT


Milli Məclisin Sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin Sədri Sahibə Qafarova videoformat şəklində seçicilərin növbəti qəbulunu keçirib. Bu videoqəbulun müqəddəs Qurban bayramı ərəfəsində keçirildiyini xatırladan Sahibə Qafarova seçiciləri və onların ailələrini Qurban bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoqəbulda deputat fərdi yaşayış evinin inşası üçün həyətyanı torpaq sahəsi ilə təmin olunması və ya şəhər ərazisində sosial mənzillərin inşası, N.Gəncəvi adına şəhər tam orta məktəbinin binasının yenidən qurulması, II qrup Çernobıl əlilinin nəqliyyat vasitəsi ilə təmin olunması, Morul tam orta məktəbinin binasının inşası və bir sıra digər məsələlərlə bağlı seçicilərin müraciətlərini dinləyib.

Bildirilib ki, bundan əvvəlki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, onların bir qismi artıq müsbət həllini tapıb.

Videoqəbulda Sahibə Qafarova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların həyat şəraitlərinin yaxşılaşdırılması, sosial-müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycanda sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların mənzil-məişət məsələlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Milli Məclisin deputatı qeyd edib ki, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə icra olunan layihələr nəticəsində minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Son illərdə regionlarda böyük infrastruktur layihələrinin icra edildiyini, bu layihələrin ardıcıl icrası nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, Şəmkir rayonunda da əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması istiqamətində mühüm işlər görülüb. Seçici müraciətlərinə cavab olaraq Milli Məclisin deputatı təhsil sahəsində də görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Sahibə Qafarova bildirib ki, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun yaradılması dövlət tərəfindən xüsusilə diqqət mərkəzindədir. Deputat xatırladıb ki, son illərdə bu istiqamətdə çox böyük işlər görülüb, müxtəlif layihələr həyata keçirilib. 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Spiker Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətinin də xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Sahibə Qafarova deyib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir.

Qeyd edək ki, videoqəbulda Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün icra hakimiyyətinin nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.