CƏMİYYƏT
Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komitə sədri Əhliman Əmiraslanov iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, gündəliyə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla iki məsələ çıxarılıb.
Əvvəlcə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Əhliman Əmiraslanov bildirib ki, hesabat müddətində komitənin 9 iclası keçirilib, 14 məsələyə baxılıb və iclaslarda oxunuşlardan keçən qanun layihələrinin hamısı Milli Məclisin plenar iclası tərəfindən qəbul edilib. Bundan əlavə, payız sessiyası dövründə komitədə “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər” və “Ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzularında geniştərkibli 2 dinləmə keçirilib. Eyni zamanda, hesabat dövründə komitəyə daxil olan 229 ərizə və şikayət araşdırılıb, müvafiq tədbirlər görülüb.
Komitə sədri gündəliyin ikinci məsələsi - Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məlumat verib. Bildirib ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, həmçinin komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi nəzərdə tutulub. Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsi də plana salınıb.
İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Sədaqət Vəliyeva, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər. Çıxışlarda deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, antibiotiklərdən qeyri-düzgün istifadənin nizamlanması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Səhiyyə komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
İclasda deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.