CƏMİYYƏT


Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitənin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarını salamlayaraq bu qanunun qəbul edilməsinin çox aktual məsələlərdən biri olduğunu bildirib. Komitə sədri qanun layihəsinin hazırlanması üçün parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrupun yaradıldığını, qanun layihəsinin hazırlanmış ilkin variantına dair dinləmələr keçirildiyini qeyd edib. Qanun layihəsinin indiki variantında müzakirələr zamanı səsləndirilmiş bir çox təkliflər nəzərə alınıb. Bu qanun ölkəmizdə insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, transplantasiya tibbdə yeni sahə olsa da, çox sürətlə inkişaf edir. Xüsusilə, son 50-60 ildə orqan transplantasiyası daha da aktuallaşıb. Təcrübə göstərir ki, insanlar transplantasiya olunmuş orqanlarla uzun illər yaşa bilirlər.

Qeyd olunub ki, qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Layihədə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan və meyitdən orqanların götürülməsi məsələləri öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin və müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini bildiriblər.

İclasda Səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri Musa Quliyev səsləndirilən təkliflərə münasibət bildirib.

Müzakirələrdən sonra “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.