CƏMİYYƏT
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib VİDEO
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Milli Məclisin aqrar siyasət komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Eldar İbrahimov əvvəlcə yaz və növbədənkənar sessiyalar dönəmində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 17 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilib. Bu sənədlərin əksəriyyəti Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi köməklik göstərilib.
Sonra Eldar İbrahimov payız sessiyası ərzində görüləcək işlərdən danışıb. Bildirilib ki, qarşıdakı sessiyada “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək.
Deputatlar çıxışlarında komitənin qarşıdakı sessiyada da hər zaman olduğu kimi qanunvericilik planına uyğun fəaliyyət göstərəcəyinə əminliklərini bildiriblər.
İclasda “Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub. Müzakirələrdə bu sənədin insanların sağlam qidalarla təmin olunması, bitki və heyvan mühafizəsi sahəsində əhəmiyyəti vurğulanıb.
“Heyvanlar aləmi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məsələnin müzakirəsində sənəddəki dəyişikliklərin “Elm haqqında” Qanuna uyğunlaşdırma məqsədi ilə edildiyi bildirilib.
Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.