İQTİSADİYYAT


Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasın gündəliyinə “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri daxildir. Qeyd edib ki, “Çayçılıq haqqında” Qanun 2002-ci ildə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun isə 1992-ci ildə qəbul edilib.

İclasda qanun layihəsini Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirilib ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsində “inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara” sözləri “inkişafına” sözü ilə, “Müvafiq icra hakimiyyəti orqanının nəzdində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz ediləcək. “Çayçılıq haqqında” Qanunun 9.1-ci maddəsində “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz ediləcək.

Vurğulanıb ki, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

Həmin Fərmanla “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” qanunlara təklif edilən dəyişikliklər adıçəkilən Fərmana uyğun olaraq, publik hüquqi şəxs statusunda olan Sahibkarlığın İnkişafı Fondunun yaradılması ilə bağlıdır.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.