İQTİSADİYYAT
Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliklə bağlı məlumat verib. Bildirib ki, gündəliyə “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında” və “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunlara təklif olunan dəyişikliklər daxil edilib. Bu dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədardır.
Dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə diqqətə çatdırıb ki, hər üç Qanuna təklif olunan dəyişikliklər baş verə biləcək sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Belə ki, bu qanunların müddəalarında işlədilmiş qeyri-müəyyən sözlər daha dəqiq sözlərlə əvəz edilir. Məsələn, bu qanunlarda işlədilmiş “vaxtaşırı”, “öz səlahiyyətləri daxilində”, “edilə bilər”, “zəruri”, “bir qayda olaraq”, “keçirilə bilər”, “lazımi” söz və ifadələri ya bu qanunlardan çıxarılır, ya da başqa söz və ifadələrlə əvəz edilir. Beləliklə, bu qanunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğunlaşdırılır.
Çıxış edən deputatlar Eldar Quliyev, Hüseynbala Mirələmov, Novruzəli Aslanov və müvafiq qurumların nümayəndələri dəyişiklikləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, xüsusilə “Atçılıq haqqında” Qanuna ediləcək dəyişikliklər bütün dünyada məşhur olan Azərbaycan at cinslərinin qorunub saxlanmasına və artırılmasına kömək edəcək.
Müzakirələrdən sonra hər üç qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.