SİYASƏT
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edəcək
Bakı, 23 may, AZƏRTAC
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 24-25-də Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Monitorinq komitəsinin iclasında əvvəlki iclasların protokollarının təsdiqlənməsi, üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi kimi məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.
X X X
Səməd Seyidov, həmçinin AŞPA-nın Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 30-dan iyunun 2-dək İrlandiyanın Dublin şəhərində səfərdə olacaq.
AŞPA-nın Daimi komitəsinin iclasında təşkilati məsələlərə baxılacaq, “Miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasət”, “Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf” kimi mövzular müzakirə olunacaq.
Milli Məclisin komitə sədri Səməd Seyidov müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.