ELM VƏ TƏHSİL
Milli Məclisin deputatı Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxuyub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadənin tələbələrlə görüşü olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Dövlət Müstəqilliyi Gününə həsr olunan “dəyirmi masa”da A.Mirzəzadə “Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin banisidir” mövzusunda mühazirə oxuyub.
Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov A.Mirzəzadənin ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə dəvət olunduğunu deyib və onu burada görməkdən məmnunluğunu bildirib. O, görüşün keçirildiyi Heydər Əliyev lektoriyası barədə məlumat verib, burada ümummilli liderin həyat və yaradıcılığının, siyasi fəaliyyətinin əks olunduğunu diqqətə çatdırıb.
Dünyada 50 xalqın müstəqil dövlətinin olduğunu bildirən A.Mirzəzadə qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın həmin ölkələr sırasında yer tutduğunu söyləyib. Milli Məclisin deputatı qeyd edib ki, XIX əsrin əvvəllərində Azərbaycan ərazisində mövcud olan xanlıqlara böyük imperiyalar tərəfindən edilən müdaxilələrə görə xalqımız müstəqil dövlətsiz qalıb, mədəniyyətini, adət-ənənələrini, dilini, dinini itirmək təhlükəsi ilə üzləşib. Amma genetik yaddaşımızda müstəqil dövlətlər olduğundan xalqımız böhran yaşamayıb.
A.Mirzəzadə deyib: “Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, Azərbaycan adını yenidən yazıb, azərbaycançılığı bizə sevdirə bilib. Onun hakimiyyəti illərində atdığı hər bir addımın ölkəmizin möhkəmlənməsinə, azərbaycançılıq təfəkkürünün mənimsənilməsi və xalqın inamının özünə qaytarılmasına çox böyük təsiri olub. 1991-ci ildə qazanılan müstəqilliyin əldə edilməsinə qədər Heydər Əliyev öz fəaliyyəti ilə böyük bir tarixin yazılmasında birbaşa iştirak edib. Onun 1993-cü ildə hakimiyyətə gəlişi Azərbaycanı məhv olmaqdan xilas edib, sabitlik yaradıb. O, eyni zamanda, mədəniyyətimizin, incəsənətimizin də inkişaf etməsinə öz töhfəsini verib”.
Milli Məclisin deputatı ümummilli lider Heydər Əliyevin fəaliyyəti və xalq qarşısındakı xidmətlərinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi inkişafa təkan verdiyini diqqətə çatdırıb.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.