SİYASƏT


Milli Məclisin deputatı Ermənistanı ATƏT PA-nın qərarlarından nəticə çıxarmağa çağırıb

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti iyulun 6-da Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyanın bağlanış plenar iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, plenar iclasın müzakirə hissəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib. Deputat çıxışında daha öncə keçirilmiş komitə iclaslarında Azərbaycanın maraqlarına zidd olan, erməni nümayəndə heyəti tərəfindən irəli sürülmüş qərəzli və əsassız düzəlişlərə qarşı çıxdıqlarına görə ATƏT PA-nın üzvlərinə təşəkkürünü çatdırıb: “Düzəlişlərə qarşı çıxmaqla Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını, Cənubi Qafqazda dayanıqlı sülhü, etimad quruculuğunu və bütün məsələlərin tərəflər arasında birbaşa dialoq vasitəsilə həllini dəstəklədi. ATƏT PA alternativi olmayan sülh və təhlükəsizliyə yönəlmiş cəhdləri rədd etdi, sağlam düşüncə və hamımızın bölüşdüyü təməl prinsiplərə sadiqlik qalib gəldi. Buna görə hamınıza təşəkkür edirəm”.

Çıxışının davamında Azay Quliyev Ermənistan nümayəndə heyətinə müraciət edərək onları illik sessiya ərzində qeyri-konstruktiv mövqe tutduqlarını və təhrikedici ritorika üzrə çıxış etdiklərini qeyd etdi: “Nə qədər bizə çətin olsa da, Azərbaycan Ermənistanla münasibətlərdə yeni dövrün açılması üçün davamlı səylər göstərir və məlum 5 təməl prinsipi əsasında sülh sazişi imzalamağa hazırıdır. Bizim məqsədimiz aydındır-regionda sülhü və təhlükəsizliyi davamlı etmək”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan nümayəndə heyətinə xitabən bildirib ki, əgər Ermənistan həqiqətən də münasibətlərin normallaşmasında və Brüssel sülh danışıqlarında maraqlıdırsa, bu gün ATƏT Parlament Assambleyasının qəbul etdiyi qərardan düzgün nəticə çıxarmalı və sülhə töhfə verməlidir.

Çıxışının sonunda Azay Quliyev onu iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin sədri seçdiklərinə görə Assambleya üzvlərinə təşəkkür edib və ATƏT regionunda istifadə olunmamış təhlükəsizlik və əməkdaşlıq potensialından faydalanmaq istiqamətində səylərini səfərbər edəcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.