CƏMİYYƏT
Milli Məclisin deputatı Türkiyədə Şuşaya dair məruzə ilə çıxış edib
Bakı, 13 avqust, AZƏRTAC
Qardaş Türkiyənin Hatay şəhərindəki Mustafa Kamal Universitetində 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı Şuşa ilə bağlı konfrans keçirilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşa haqqında məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Qənirə Paşayeva çıxışında bu gün Şuşada Azərbaycan və Türkiyə bayraqlarının qoşa dalğalandığını deyib. O bildirib ki, 270 yaşlı Şuşa yalnız ağrılı və xoş günlərlə dolu keçmişi ilə deyil, qürurlu bu günü və xoşbəxt gələcək vəd etməsi ilə seçilir. Şuşanın düşmən işğalından azad olunması özü bir dastandır. Şuşa ötən ildən rəsmən Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş Qanunla Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşanın əziz adı 2022-ci təqvim ilinə verilib – bu il Azərbaycan Respublikasında “Şuşa İli”dir, 2023-cü il Türk dünyasının paytaxtı da Şuşadır və nəhayət 2024-cü il İslam dünyasının Mədəniyyət paytaxtının Şuşa olacağı gözlənilir. Mədəniyyət paytaxtımız, mədəniyyət beşiyimiz Şuşanın əsl sahibləri bu gün Şuşanı dirçəldir, tikir-qurur, şəhərin əsl simasını bərpa edir.
Azərbaycan nümayəndə heyətinin üzvü, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev öz çıxışında Şuşa, ümumiyyətlə Azərbaycanla bağlı mövzuların qardaş ölkə Türkiyənin gündəmində daimi yer tutmasından dərin məmnunluğunu ifadə edib. Məhz “Şuşa Bəyannaməsi” ilə daha yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə qardaşlığının bütün Türk dünyası üçün yüksək örnək təşkil etdiyini bildirib.
Qeyd edək ki, tədbirdə Hatay Böyükşəhər Bələdiyyəsinin rəhbəri Lütfü Savaş, Hatay Mustafa Kamal Universitetinin rektoru Hasan Kaya, Niğde Ömer Halisdemir Universitetinin rektoru Hasan Uslu, Qafqaz Universitetləri Birliyinin başqanı Ramazan Korkmaz da iştirak ediblər.