ELM VƏ TƏHSİL
Milli Məclisin deputatı tələbələrə təhsil sahəsindəki qərarların mahiyyətindən danışıb
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Milli Məclisin deputatı Qənirə Paşayeva “Auditoriya+” layihəsi çərçivəsində tələbələrlə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə görüşün tələbələr üçün əhəmiyyətli olacağına inandığını qeyd edib.
Q.Paşayeva gənclərlə belə görüşlərin təşkil edilməsinin vacibliyini vurğulayıb. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.
Torpaqlarımızın işğaldan azad edilməsinin Azərbaycanın həm daxili, həm də xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan deputat parlamentdə Dağlıq Qarabağ problemi ilə bağlı qəbul edilən qərarlardan, qarşıda duran vəzifələrdən söz açıb. Daha sonra Q.Paşayeva tələbələrin sualları əsasında Milli Məclisin təhsil sahəsindəki qərarlarının mahiyyətindən danışıb. O, tələbələrə Azərbaycanın haqq səsini sosial media vasitəsilə dünyaya çatdırmağı tövsiyə edib.