CƏMİYYƏT
Milli Məclisin deputatları 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Hikmət Məmmədov Səbail rayonunun ən qədim məktəblərindən biri olan 49 nömrəli “İntellekt” məktəb-liseyinin qonağı olublar.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, əsası 1929-cu ildə qoyulan bu məktəb Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2012-ci ildə əsaslı və müasir tələblərə uyğun təmir olunaraq yenidən qurulub. Qonaqların ilk diqqətini çəkən məktəbin gözoxşayan interyeri, arxitekturası və xarici görünüşü, daxili təmizliyi, bu təhsil ocağında yaradılmış səliqə-sahman, zövqlə bəzədilmiş stendlər, eləcə də müəllim və şagirdlərin nizam-intizamı olub.
Deputatlar sinif otaqlarını gəzərək dərs prosesi ilə tanış olublar, ibtidai, orta və yuxarı sinif şagirdləri ilə fikir mübadiləsi aparıblar, ümumi tədris mühiti, müəllim-şagird münasibətləri və mənəvi-psixoloji vəziyyətlə maraqlanıblar, burada psixoloji dəstək xidmətinin səviyyəsi və təşkil metodları ilə bağlı şagirdlərin fikirlərini öyrəniblər və müvafiq tövsiyələrini bildiriblər.
İbtidai sinif şagirdlərinin deputatları böyük ruh yüksəkliyi ilə qarşılamaları, Azərbaycan Respublikası, milli ədəbiyyatımız, tariximiz və mədəniyyətimiz haqqında verilən suallara yüksək vətənpərvərlik ruhunda dolğun cavablar vermələri qonaqlarda məmnunluq hissi yaradıb.
Orta və yuxarı sinif şagirdləri ilə görüşdə dərs prosesinin təşkili, mövcud müəllim-şagird-valideyn münasibətləri, təhsil sahəsində həyata keçirilən islahatlar, şagirdlərin bu yeniliklərə münasibəti müzakirə olunub. Şagirdlər qonaqların ümumi dünyagörüşü ilə bağlı suallarına qənaətbəxş cavab verməklə yanaşı, məktəbdə ümumi tədris, təhsil, mənəvi-psixoloji mühitlə bağlı razılıqlarını bildiriblər.
Deputatlar məktəbin direktor müavinləri, psixoloqu və bir qrup müəllimləri ilə də görüşüblər, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi mənəvi-psixoloji vəziyyəti, onlara göstərilən psixoloji dəstəyin forma və metodları, valideynlərlə görülən işlər və s. ilə maraqlanıblar. Şagirdlər üçün yaradılmış ümumi psixoloji mühiti qənaətbəxş hesab edilməklə yanaşı, deputatlar xidmət səviyyəsinin yüksəldilməsi və daha da təkmilləşdirilməsi məqsədilə məktəbin direktoru və psixoloquna təklif və tövsiyələrini bildiriblər.
Qonaqlar məktəbdə keçirilən görüşün nəticəsi olaraq, yaradılan tədris şəraitindən, şagirdlərin hazırlıq səviyyəsindən, eləcə də müəllim-şagird münasibətlərindən məmnunluq ifadə ediblər və məktəbdən xoş təəssüratlarla ayrılıblar.