SİYASƏT


Milli Məclisin deputatları BMT-nin baş qərargahında parlament dinləmələrində iştirak ediblər

Bakı, 23 fevral, AZƏRTAC

Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) və Parlamentlərarası İttifaqın (PAİ) birgə təşkilatçılığı ilə fevralın 21-22-də BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Multilateralizmə qarşı yaranan problemlərə parlamentlərin cavabı” mövzusunda keçirilən illik parlament dinləmələrində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dünyanın 60 ölkəsindən 200-dən çox parlament üzvünün, habelə BMT-nin yüksəkvəzifəli şəxslərinin və ekspertlərinin iştirak etdikləri dinləmələrdə multilateralizm qarşısında duran problemlər, onların həlli yolları və bu istiqamətdə milli parlamentlərin rolu sahəsində geniş müzakirələr aparılıb.

Dinləmələr BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza Qarsesin və PAİ-nin prezidenti Qabriela Kuevas Barronun giriş nitqləri ilə başlayıb. Tədbirdə xüsusi qonaq qismində iştirak edən BMT-nin baş katibi Antonio Quterreş çıxış edib. Sonra dinləmələr panel müzakirələrlə davam etdirilib. BMT-nin baş katibi müasir dövrdə qloballaşan dünyada multilateralizm sisteminin artıq fərqli olduğunu, bu baxımdan BMT-nin və onun ixtisaslaşdırılmış qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinin və bu sahədə əsaslı islahatların həyata keçirilməsinin vacibliyini bildirib.

Tədbirin panel müzakirələri çərçivəsində bir sıra məsələlər, o cümlədən multilateralizmin qlobal və milli ölçülərdə əhəmiyyəti, onun təşviqində parlamentlərin rolu və maliyyələşdirilməsində mövcud olan boşluqlar, BMT-nin münaqişələrin qarşısının alınması, nizama salınması və sülhməramlı fəaliyyətinin səmərəliliyinin artırılması, bununla bağlı təşkilatın Baş Assambleyasının fəaliyyətinin canlandırılması, Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb, çoxsaylı çıxışlar edilib.

Panel müzakirələrdə çıxış edən Milli Məclisin deputatları BMT-nin fəaliyyətinin gücləndirilməsinin, dünyada nüfuzunun artırılması məqsədilə təşkilatın nizamnaməsində nəzərdə tutulmuş bütün məqsəd və prinsiplərə, xüsusilə də dövlətlərin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə bütün üzv dövlətlər tərəfindən ciddi əməl olunmasının zəruriliyini vurğulayıb, təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi üzrə üzv dövlətlərin öhdəliklərinin icrasının əhəmiyyətini qeyd ediblər.

Deputatlarımız, həmçinin tədbir iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın Ermənistan tərəfindən işğalına, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edərək, işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 25 ildən artıqdır ki, Ermənistan tərəfındən icra olunmadığını xüsusi vurğulayıblar. Bununla əlaqədar, Milli Məclisin deputatları BMT strukturunda həyata keçiriləcək islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin təkmilləşdirilməsi, həmin sənədlərin icrasından imtina edən və ya yayınan üzv dövlətlərə qarşı sərt cəza tədbirlərinin, o cümlədən ciddi sanksiyaların tətbiq edilməsi təklifi ilə çıxış ediblər.

Dinləmələrdə, həmçinin BMT-də və üzv dövlətlərdə gender bərabərliyi, kütləvi informasiya və kommunikasiya vasitələrinin müasir multilateralizm sisteminə təsiri və digər mövzular ətrafında da müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.