SİYASƏT


Milli Məclisin deputatları NATO PA-nın Cənubi Qafqazla bağlı keçirilən Rouz-Rout seminarında iştirak ediblər

Bakı, 1 dekabr, AZƏRTAC

Noyabrın 30-da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən seminarda parlamentin NATO PA-da nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov əvvəlcə NATO Parlament Assambleyasının prezidenti Gerald Konnolini bu vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Sonra Ermənistandan olan deputatın çıxışına cavab verən Ziyafət Əsgərov deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi haqqında çıxış edənlər bu münaqişənin beynəlxalq hüquqi aspektləri barədə danışsınlar. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının bu ərazilərin Azərbaycan torpaqları olduğunu göstərən 4 qətnaməsi var. Həm tarixi, həm də hüquqi baxımdan bu ərazilər Azərbaycan torpaqlarıdır. Həmçinin Avropa İttifaqı və Avropa Şurası (BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xaricində) bir sıra sənədlər və qətnamələr imzalayıb. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycanın ərazi bütövlüyünü birmənalı təsdiq edən müvafiq sənədləri var. “Siz Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu göstərən sənədlər qəbul etmisiniz. Mən soruşuram, 1 milyon mülki vətəndaşımız evlərini tərk etmək məcburiyyətində qalanda Avropa İttifaqı harada idi? Heç kim onlar haqqında düşünmürdü. 30 ildir danışırdıq və danışırıq. “Gəlin bunu sülh yolu ilə müzakirə edək” dedik. Ancaq biz torpaqlarımızı Ermənistanın işğalından azad etməyə başlayan kimi hamı birdən danışmağa başladı”, - deyə o bildirib.

Daha sonra Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan ərazisinə bir nəfər də olsun terrorçu gətirilməyib. Əksinə, Ermənistan Livandan, Yunanıstandan, İraqdan, Fransadan həm erməni, həm də qeyri-erməni əsilli terrorçuları cəlb edib. Bununla bağlı sənədlər var və bu sənədlər müvafiq təşkilatlara təqdim olunub.

Azərbaycana kömək etdiyinə görə Türkiyəni günahlandırmağa gəlincə, Z.Əsgərov deyib ki, Türkiyə bizi mənəvi və siyasi cəhətdən dəstəkləyir. Türkiyə bizim üçün dost və qardaş ölkədir, bundan əlavə, Türkiyə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə həm də ATƏT-in Minsk qrupunun üzvüdür.

Ermənistan tərəfinin müharibə zamanı mülki insanlara qarşı ballistik raket və fosfor bombalarından istifadə etməsi barədə danışan Ziyafət Əsgərov bildirib ki, Ermənistan humanitar normalar da daxil olmaqla bütün müharibə qaydalarını kobud şəkildə pozdu. Dinc şəhərlərimiz atəşə tutuldu, nəticədə qadın və uşaqlar da daxil olmaqla, Azərbaycanın 94 mülki vətəndaşı öldürülüb, 400-dən çox mülki insan yaralanıb, 3000-dən çox ev dağıdılıb. Ermənilərin Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk edərkən oradakı bütün evləri, meşələri yandırdıqlarını bildirən Z.Əsgərov deyib: “Biz bunlara necə baxmalıyıq? Bunlar azərbaycanlılar tərəfindən tikilən evlər idi. Bu, müharibə cinayətidir”.

Sonda Z.Əsgərov bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Müharibədə Azərbaycanın Ali Baş Komandanı başda olmaqla, ordumuz və xalqımız qalib gəldi. Biz torpaqlarımızı azad etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu”.

Sonra seminarda bir sıra ölkələrin nümayəndələri və ekspertlər çıxış edərək öz fikirlərini bildiriblər. Bununla da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.