SİYASƏT


Milli Məclisin deputatları QDİƏT PM-in 56-cı plenar iclasında iştirak ediblər

Bakı, 25 noyabr, AZƏRTAC

Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin videokonfrans formatında 56-cı plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - deputatlar Musa Quliyev, Ramin Məmmədov və Elşad Mirbəşiroğlu iştirak ediblər.

İclası açan QDİƏT Parlament Məclisinin sədri, Yunanıstan parlamentinin spikeri Konstantin Tassulas görüləcək işlərdən danışıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Əvvəlcə iclasın gündəliyi və Parlament Məclisinin 55-ci plenar iclasının protokolu təsdiqlənib, qurumun fəaliyyətinə dair hesabat dinlənilib, bir sıra təşkilati məsələlərə baxılıb.

Sonra İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri, Hüquqi və siyasi məsələlər və Mədəniyyət, təhsil və sosial məsələlər komitələrinin iclasları keçirilib. Hər üç komitədə “Pandemiya ilə mübarizədə parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.

QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyevin sədrliyi ilə keçirilən Hüquqi və siyasi məsələlər komitəsinin iclasında pandemiya ilə mübarizədə parlamentlərin rolunun hüquqi və siyasi aspektləri müzakirə olunub. Məruzə layihəsi səsə qoyularaq qəbul edilib.

Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında isə məruzə ilə çıxış edən QDİƏPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev pandemiya ilə mübarizədə parlamentlərin rolunun sosial aspektləri barədə danışıb. Bildirib ki, COVID-19-la bağlı Qara Dəniz İqtisadi Əməkdaşlığı regionu ölkələrinin göstəriciləri dünyadakı vəziyyətin fonunda ümid verir ki, hazırda region ölkələri tərəfindən pandemiyaya operativ reaksiya verilməsi nəticəsində pis vəziyyətlə üzləşməkdən qaçmaq mümkün olub. Amma ehtiyatı əldən vermək olmaz və daim sanitar-epidemioloji davranış mədəniyyətini yüksəltmək lazımdır.

Musa Quliyev diqqətə çatdırıb ki, COVID-19-un səhiyyə və sosial müdafiə sahəsində yaratdığı böhranın və onun nəticələrinin öhdəsindən gəlmək və bərpa prosesi üçün pandemiya başa çatdıqdan sonra region ölkələri üçün yeni səhifə açıla bilər. Pandemiya bir daha göstərdi ki, müasir dünyada qlobal fəlakət qarşısında heç kəs tək davam gətirə bilməz. Dünya ictimaiyyətinin pandemiyaya qarşı mübarizədə öz səylərini birləşdirməsi və onun nəticələrini aradan qaldırması üçün kifayət qədər resursu var. Yalnız dünya ictimaiyyətinin vahid gücü ilə gələcəkdə qarşıya çıxacaq təhlükələrə qalib gəlmək mümkündür.

Sonra məruzə layihəsi ətrafında müzakirələr aparılıb, qeyd və təkliflər səsləndirilib. Layihə səsə qoyularaq təsdiqlənib.

İclasda bir sıra maliyyə məsələlərinə də baxılıb, rotasiya qaydasında təşkilata sədrlik Moldovaya təhvil verilib.

Bununla da QDİƏTPM-in 56-cı plenar sessiyası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.