SİYASƏT


Milli Məclisin deputatları QDİƏT Parlament Məclisinin 52-ci plenar sessiyasında iştirak edirlər

Bakı, 27 noyabr, AZƏRTAC

İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 52-ci plenar sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 29-dək davam edəcək sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.

QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu” mövzusunda məruzə edib. O, çıxışında iqtisadi və humanitar təhlükəsizlik, informasiya təhlükəsizliyi məsələlərindən, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən, regiondakı ekoloji problemlərdən söz açıb. Bildirib ki, region təkcə iqtisadi deyil, ümumilikdə qlobal layihələrin gerçəkləşdiyi məkandır. Komitə sədrinin müavini bu baxımdan Azərbaycanın mövqeyini diqqətə çatdırıb və ölkəmizin adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətini vurğulayıb, dövlətimizin artan iqtisadi qüdrətinin təzahürü olan nəhəng təşəbbüsləri önə çəkərək xüsusən də TANAP-ın önəmi üzərində dayanıb.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan qeyri-neft sektoruna göstərilən diqqəti önə çəkib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin İrəvanda keçirilən 52-ci plenar sessiyasında iştirak edən Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri təşkilatın yaranmasının 25 illiyi yubiley medalı ilə təltif olunmaqdan imtina ediblər.

Sessiyada QDİƏT sədrinin və baş katibinin müavinləri seçilib. Noyabrın 28-də işini davam etdirəcək tədbirdə təşkilati məsələlərə baxılacaq. O cümlədən əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq QDİƏT-in Parlament Məclisinə sədrliyin Azərbaycana keçəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.