SİYASƏT


Milli Məclisin deputatları Tehrana səfər edəcəklər

Bakı, 12 yanvar, AZƏRTAC 

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün yanvarın 13-də İranın paytaxtı Tehrana səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim olunacaq. Tədbirdə qurumun yeni baş katibi və büro üzvləri seçiləcək.

Yığıncaqda siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri və hesabatları müzakirə ediləcək.

Tədbirdə 2018-ci il üçün İƏTPİ ümumi komitəsinin üzvlərinin təyin olunması, İcraiyyə Komitəsinin, daimi komitələrin üzvlərinin seçilməsi, İƏTPİ Konfransının 14-cü və 15-ci sessiyalarının, İcraiyyə Komitəsinin 40-cı iclasının keçiriləcəyi tarix və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda yekun hesabat və yekun kommunike qəbul olunacaq.

İƏTPİ Konfransı çərçivəsində qurumun daimi komitələrinin iclasları keçiriləcək. Siyasi məsələlər üzrə komitənin yığıncağında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə məsələyə münasibət bildiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.