CƏMİYYƏT


Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli iclasın gündəliyi barədə məlumat verib.

İclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə edilib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibi zamanı bir sıra parametrlər nəzərə alınıb. Büdcənin tərtibi zamanı, ilk növbədə, ötən dövrdə iqtisadiyyatda baş verən dəyişikliklər, iqtisadi inkişaf meyilləri, növbəti il üçün proqnozlar, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, demoqrafik məşğulluq göstəriciləri, eyni zamanda, sistematik göstəricilər, pensiya, sığorta sistemində baş verən dəyişikliklər, həmçinin növbəti illər üçün planlaşdırılan işlər nəzərə alınıb.

Nazir müavini qeyd edib ki, bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir.

Azərbaycanda demoqrafik göstəricilərin müsbət olduğunu söyləyən İ.İsayev bildirib ki, ölkəmizdə əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. “65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlılığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı gözlənilir”, - deyə nazir müavini diqqətə çatdırıb.

İ.İsayev gələn il əhalinin gəlirlərinin 9 faiz artaraq 54.4 milyard manata çatacağını deyib. Növbəti ildə orta aylıq əməkhaqqı 5,7 faiz artaraq 642 manata çatacaq. 2019-cu ildə inflyasiya 3,8 faiz səviyyəsində nəzərdə tutulur.

Nazir müavini bildirib ki, gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min nəfər təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib. O qeyd edib ki, 2019-cu ildə pensiyaların orta məbləği 240 manat civarında olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində nəzərdə tutulur.

Nazir bildirib ki, növbəti il DSMF-nin gəlir və xərcləri 3 milyard 928,1 milyon manat nəzərdə tutulub. O, 2019-cu ilin xərclərinin cari ilin gözlənilən göstəricisi ilə müqayisədə 190 milyon manat çox olduğunu bildirərək deyib: “190 milyon manatın tərkibində əsasən əmək pensiyalarının maliyyələşməsi üzrə xərclərə 176,7 milyon manat, sosial sığorta haqlarına verilən müavinətlərə 3,8 milyon manat digər xərclərə 9,5 milyon manat sərf olunacaq”.

Diqqətə çatdırılıb ki, büdcənin xərclərinin əsas hissəsi əhaliyə ödənişlər, pensiya üzrə xərclərdir. DSMF-nin büdcəsinin xərclərinin 95,3 faizi pensiya ödənişləri, 2,3 faizi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, 2,4 faizi isə digər xərclər üçün nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında büdcə layihəsinin yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən bildirib ki, Azərbaycanda ilkin hesablamalara görə cari ilin 9 ayı ərzində 175 manat həddi ilə təsdiq olunmuş yaşayış minimumu növbəti ildə 180 manat məbləğində nəzərdə tutulur. Qeyd edilib ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək.

Komitə sədri bildirib ki, növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur.

Müzakirələr zamanı Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, deputatlardan Yaqub Mahmudov, Səttar Mehbalıyev, Elmira Axundova, İlham Məmmədov və digərləri də qanun layihələri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.