CƏMİYYƏT
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Hadi Rəcəbli əvvəlcə ötən sessiyanın yekunları və payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verib.
Bildirilib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib, 23 məsələ müzakirə edilib, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib. Bu dövr ərzində komitəyə vətəndaşlardan 489 ərizə və müraciət, idarə və nazirliklərdən 84 sənəd daxil olub.
Sonra Hadı Rəcəbli payız sessiyası zamanı komitədə işlənməsi nəzərdə tutulan sənədlərdən söz açıb. Qeyd olunub ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Turizm haqqında” qanun layihələri bu qəbildən olan əsas sənədlərdir. Hər iki sənədin parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə çıxarılması nəzərdə tutulur. Hadi Rəcəbli “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin tamamilə müzakirəyə hazır olduğunu vurğuladı. “Turizm haqqında” qanun layihəsinin isə ikinci oxunuşda plenar iclasa çıxarılması üçün ciddi işlərin aparıldığı diqqətə çatdırılıb.
Komitə üzvləri qarşıdakı sessiya zamanı işlənməsi nəzərdə tutulan qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.
Sonra komitədə Əmək Məcəlləsinə və “Əmək pensiyaları haqqında” Qanunda layihəsinə edilən dəyişikliklər barədə qanun layihələri müzakirə edilib. Qeyd olunub ki, hər iki sənədə edilən dəyişiklik “Elm haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.