CƏMİYYƏT
Milli Məclisin gənclər və idman komitəsində tədbir keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Milli Məclisin gənclər və idman komitəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan parlament Aparatının rəhbəri Səfa Mirzəyev Milli Məclisin gənclər və idman komitəsinin sədri olmuş Fuad Muradovun bir neçə həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildiyini xatırladıb. O, F.Muradovun bu sahəyə yeni nəfəs gətirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə edib.
Milli Məclisin ötən iclasında gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevin komitənin yeni sədri seçildiyini vurğulayan Aparat rəhbəri burada görülən işləri, hazırlanan qanun layihələrini, ölkədə gənclər və idman siyasətinin inkişafında komitənin rolunu yüksək qiymətləndirib.
Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ona göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, bundan sonrakı fəaliyyətində də öz iş prinsiplərinə sadiq qalacağını, diaspor təşkilatlarımızın fəaliyyətinin səmərəliliyinin artırılması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Sonra gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ona göstərilən etimada görə Milli Məclis rəhbərliyinə minnətdarlığını bildirib. O, 2015-ci ildə yaranan komitədə təməli qoyulmuş ənənələrin bundan sonra da səylə davam etdiriləcəyini söyləyib.
Tədbirdə iştirak edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Kamran Nəbizadə, Mahir Abbaszadə, Adil Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Elşad Həsənov keçmiş həmkarları Fuad Muradova gələcək işlərində uğurlar arzulayıblar.