SİYASƏT


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli iclasda səkkiz qanun layihəsinə baxılacağını deyib. Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda edilən dəyişikliyə əsasən, sənədin 1.1.1-ci maddəsinin 32-ci hissəsi “parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır” məzmununda veriləcək. Qanun layihəsinə əsasən, sənədin 53-cü maddəsi yeni redaksiyada veriləcək. Nəzərdə tutulan dəyişikliyə görə, parklanma yerləri yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müəyyən edilən siyahıya uyğun olaraq təşkil olunur. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılışdırılmaqla təşkil edilir. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və dayanmanın, yaxud durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz.

Qeyd olunub ki, qanun layihəsində əlillər üçün də parklanma yerlərinin təşkili nəzərdə tutulub. Əlillər üçün ayrılan parklanma yerlərindən yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələrinin sahibləri istifadə edə bilərlər. İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən, taksi sürücülərinin müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədilə durmasına, “əlil” tanınma nişanından qanunsuz istifadəyə, nəqliyyat vasitələrinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş aparmadan parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulur.

Bildirilib ki, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerində digər nəqliyyat vasitələrinin parklanmasına, parklanma yerlərində icazə verilmiş, maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerinin rezervasiya edilməsinə və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə on manat cərimə məbləğində cərimə tətbiq olunacaq. Nəqliyyat vasitələrinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə isə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Vurğulanıb ki, İnzibati Xətalar Məcəlləsinə edilən digər dəyişikliklər isə “Lisenziyalar və icazələr haqqında” Qanunun tətbiqi ilə əlaqədardır. Mülki Məcəllənin 109.18-ci maddəsinə edilən əlavəyə görə, kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyəti bu Məcəllə və “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun ilə tənzimlənir.

İnzibati Xətalar Məcəlləsinə, həmçinin yeni 459-1-ci “Kooperativ bazarlarda satış qaydalarının pozulması” maddəsinin əlavə edilməsi də nəzərdə tutulur. Bu maddəyə əsasən, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanuna uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışı, habelə kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan digər şəxslərin satış həyata keçirməsi halında fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər isə min manat məbləğində cərimə olunacaqlar.

“Notariat haqqında” Qanunda edilən dəyişikliyə əsasən, sənədin 32-ci maddəsinin 9-cu abzasında “icarəyə verilməsinə” sözləri “icarə və ya digər əşya hüquqlarına” sözləri ilə əvəz ediləcək.

Gündəlikdəki məsələlərlə əlaqədar müzakirələr zamanı deputatlar dəyişikliklər barədə fikir və təkliflərini səsləndiriblər.

Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.