SİYASƏT


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumat verib.

Bildirib ki, gündəliyə daxil olan beş məsələdən üçü vaxtilə bu komitədə hazırlanmış və işçi qrupu ilə birgə müzakirə edilmiş qanun layihələridir.

Əli Hüseynli əvvəlcə “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. Qanun layihəsində hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərə dair 10-cu və maraqlar toqquşmasının qarşısının alınmasına dair 11-ci maddələrə təklif olunan dəyişiklikləri ətraflı şərh edib.

Geniş müzakirədə Azay Quliyev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Sabir Hacıyev rəy və təkliflərini diqqətə çatdırıblar.

Gündəlikdəki ikinci və üçüncü məsələni iclasda Milli Məclis aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid təqdim edib. Bildirib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 9-cu, 16-cı və 17-ci maddələrinə dəyişikliklər edilməsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun tətbiqi ilə əlaqədardır.

Sonra şöbə müdiri 1996-cı il 17 may tarixli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə qanun layihəsini ətraflı şərh edib. Deputatların suallarını cavablandırıb.

Müzakirə zamanı parlamentin Daxili Nizamnaməsində dəyişikliklərə dair sənədi hazırlayan işçi qrupa təşəkkür ifadə olundu. Komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Azay Quliyev, Çingiz Qənizadə, Tahir Kərimli, Elşən Musayev qanun layihəsini ciddi təhlil etdilər və sənədə bir sıra yeni təkliflər irəli sürüldü.

İclasda aparılan fikir mübadiləsini hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırdı. Qeyd olunub ki, bu qanun layihələri Milli Məclisdə üç oxunuşdan keçəcək. Müzakirədə səslənmiş yeni təkliflər işçi qrupu ilə birgə müzakirə olunaraq ayrıca layihə hazırlanacaq.

Qərara alınıb ki, komitədə baxılan hər üç qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına təqdim edilsin.

Sonra “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məsələlərə də baxılıb və plenar iclasa tövsiyə olunub.

Deputatlar gömrük və miqrasiya orqanlarında qulluq keçmə, dövlət vergi və daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamələrdə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.