SİYASƏT
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəliyə təqdim edilən Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə bağlı ətraflı məlumat verib. O bildirib ki, sənədlərdəki yeniliklər Azərbaycanda həyata keçirilən hüquqi islahatların vacib elementi kimi dəyərləndirilməlidir.
Qeyd olunub ki, hər iki sənədə edilən dəyişikliklər ölkə Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilir. Qanun layihələrində Sərəncamdan irəli gələn cəza siyasətinin humanistləşdirilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə həbs qətimkan tədbirinin tətbiq olunmasının müstəsna halları sadalanır.
Sənədlərdə həbsə alternativ olan qətimkan tədbirlərinin, xüsusən də ev dustaqlığı və girovun tətbiq edilməsi hallarının genişləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi kimi zəruri məqamlar əksini tapır.
Deputatlar Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Elşən Musayev, Tahir Kərimli, eləcə də Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Ali Məhkəmə və Daxili İşlər Nazirliyindən dəvət edilmiş mütəxəssislər qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.
Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.