İQTİSADİYYAT


Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 10 məsələyə baxılıb

Bakı, 15 fevral, AZƏRTAC 

Fevralın 15-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyinə bir sıra qanunlarda dəyişikliklərlə bağlı 10 məsələnin daxil edildiyini söyləyib. Diqqətə çatdırılıb ki, “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər (3-cü oxunuş) Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan xidmətlərin və dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Patent haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən olunub. Bununla bağlı qanunun yeni redaksiyada verilmiş 18.11-ci maddəsində deyilir ki, ixtira üçün 20 manat, faydalı model üçün 15 manat, sənaye nümunəsi üçün 15 manat, patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün 1 manat, digər fəaliyyət növləri üzrə müxtəlif məbləğdə dövlət rüsumunun dərəcələri təyin edilir.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunda edilən dəyişikliklər (3-cü oxunuş) Prezidentin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb və əmtəə nişanları və coğrafi göstəricilər sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutur. Qanun layihəsi, həmçinin “haqq” ödənilən xidmətlərin dairəsini dəqiqləşdirir. Belə ki, qanuna görə, haqqın ödənilməsi tələb olunan xidmətlərin siyahısı və həmin xidmətlərə görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Yuxarıda adıçəkilən Fərmana əsasən, eyni zamanda, “Patent haqqında” qanunda (3-cü oxunuş) ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patent verilməsi sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutan müvafiq dəyişikliklər təklif olunur.

Komitə sədri qeyd edib ki, Azərbaycan Dövlət Reklam Agentliyinin qarşısına bir sıra ciddi vəzifələr qoyulub. Bugünkü reallıq tələb edir ki, “Reklam haqqında” Qanuna dəyişikliklər olunsun.

Azərbaycan Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev “Reklam haqqında” Qanuna dəyişikliklərin (2-ci oxunuş) mahiyyəti barədə məlumat verib. Bildirilib ki, yeni redaksiyada verilən 26.1-ci maddəyə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Qanuna əlavə edilən 26.1-1-ci maddədə isə deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Bu Məcəllədə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənəddə, həmçinin açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Azərbaycan Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddətinin 1 ildən 3 ilədək artırılması və eyni zamanda, icazə müqaviləsinin ləğvi, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kvadratmetrdən 1 kvadratmetrədək azaldılması, bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur.

Sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əfqan Baxışov “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda edilən dəyişikliyi təqdim edib. Bildirilib ki, qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət 2019-cu ildə bitdiyinə görə, onun daha bir il uzadılması təklif olunur. Bu düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.

İclasda daha sonra Mülki Prosessual Məcəllədə (1-ci oxunuş), İnzibati Xətalar Məcəlləsində (1-ci oxunuş), “Telekommunikasiya haqqında” (1-ci oxunuş), “İpoteka haqqında” (1-ci oxunuş), “Sığorta fəaliyyəti haqqında” (1-ci oxunuş), “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Reklam haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərə baxılıb.

Milli Məclisin deputatları İlham Əliyev, Vahid Əhmədov, Şəmsəddin Hacıyev, Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini bildirib, dəyişikliklərin əhəmiyyətini qeyd edib, bir sıra təkliflər veriblər.

Müzakirələrin yekununda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.