CƏMİYYƏT
Milli Məclisin komitə iclasında “Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirə olunub VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Hadi Rəcəbli əvvəlcə aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərindən danışıb. O, seçkilərin nəticələrini Azərbaycan xalqının qələbəsi adlandırıb. Bildirib ki, Azərbaycan xalqı növbəti dəfə müdrik seçim edərək dövlət başçısı İlham Əliyevə səs verdi. Bu, həm də xalqın öz gələcək uğurlu inkişafına səs verməsi deməkdir. Azərbaycan bununla dünyada öz nüfuzunu bir qədər də artıracaq, növbəti yeddi ildə zəfərlərimiz daha çox olacaq.
Sonra “Məşğulluq haqqında” yeni qanun layihəsinin müzakirəsi aparılıb.
Sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev layihəni ətraflı şərh edib. Qeyd olunub ki, ölkədə məşğulluq sahəsində dövlət siyasətini müəyyən edən zəruri qanunvericilik bazası yaradılıb, 2001-ci ildə bu barədə qanun da qəbul edilib. Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan yeni qanun layihəsi isə iqtisadi inkişaf mərhələsində məşğulluq sahəsində formalaşan dövlət siyasəti istiqamətlərinin yenidən təkmilləşdirilməsi zərurətindən irəli gəlir. Beş fəsil, 34 maddədən ibarət sənəddə məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsasları, işsizlik statusunun verilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları müəyyən edilib. Sənəddə yenidən işlənən bölmələr və dəyişikliklər diqqətə çatdırılıb.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qanunun əhatə dairəsi barədə danışıb. Bildirilib ki, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərindən həyata keçirilməsi nəzərdə tutulub. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə vakansiya bankından münasib işin onların özü tərəfindən seçilməsi hüququ verilib və onlar bu hüquqdan istifadə etmədikdə bu, sistem tərəfindən edilir. Münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə endirilib.
Nazir müavini onu da bildirib ki, layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilir və peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulur. Layihədə bu qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıdıqları müəyyən edilir.
Sonra komitə üzvləri “Sosial sığorta haqqında” qanun layihəsinə edilən dəyişikliklərə baxıblar.
Ətraflı müzakirələrdən sonra hər iki qanun layihəsinin parlamentin plenar iclasının müzakirəsinə çıxarılması qərara alınıb.