SİYASƏT


Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə olunub VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komitə sədri Əli Hüseynli cari ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, hesabat dövründə komitənin 24 iclası keçirilib, 112 məsələyə baxılıb. Vətəndaşlardan daxil olan məktub və ərizələrlə bağlı aidiyyəti qurumlara müraciətlər edilib.

Komitə sədri vurğulayıb ki, payız sessiyasında bir sıra qanunlara düzəlişlərlə əlaqədar məsələlər müzakirəyə çıxarılacaq.

Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Polis haqqında” Qanunun bəzi maddələrinə dəyişikliklər təklif edilir. “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin və “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin təsdiq edilməsinə dair yeni maddələr əlavə edilir. Əsasnaməyə görə, bu yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranlar, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Diqqətə çatdırılıb ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna da bir sıra dəyişikliklər təklif edilir. Bu dəyişikliklər Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Sərəncamına əsasən hazırlanıb.

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna “Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar” və “Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar” adlı yeni 19-cu və 20-ci bəndlər əlavə edilir. Dəyişikliklər qanunsuz balıq ovu ilə mübarizəni gücləndirmək məqsədi ilə təklif olunur və bu sahədə beynəlxalq təcrübə, müxtəlif ölkələrdə tətbiq edilən standartlar əsas götürülüb.

İnzibati Xətalar Məcəlləsinin 213-cü və 428-ci maddələrinə “Reklam haqqında” 2015-ci il 15 may tarixli qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaratmaq məqsədilə bir sıra düzəlişlər təklif edilir. Dəyişikliklər körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının təbliği ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə bir sıra digər zəruri dəyişikliklər də nəzərdə tutulub.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununa “valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər” məzmununda 4.0.12-ci müddəa əlavə olunur. Bununla bağlı qanunun 6.1.1-ci maddəsinə müvafiq düzəliş edilir.

İclasda Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna Azərbaycan Respublikası Prezidentinin etirazı haqqında məsələyə baxılıb. Qeyd olunan sənədin məqsədəuyğun olmaması barədə dövlətimizin başçısının təklifinin qəbul edilməsi qərara alınıb.

İclasın sonunda gündəliyə daxil edilən qanun layihələri Milli Məclisin plenar sessiyasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.