CƏMİYYƏT
Milli Məclisin gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Milli Məclisin gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Fuad Muradov iclasın gündəliyi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, gündəliyə 2017-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər və payız sessiyasının işlər planı barədə məsələlər daxil edilib.
Bildirilib ki, ötən müddətdə komitənin üç iclası keçirilib, altı məsələyə baxılıb. O cümlədən Cinayət, İnzibati Xətalar məcəllələrində, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Fuad Muradov deyib ki, hesabat dövründə komitəyə ümumilikdə 242 məktub daxil olub, onlardan 173-ü vətəndaşlardan, 69-u isə müxtəlif qurumlardandır. Qeyd edilib ki, müraciətlərin 98 faizi məktub, iki faizi isə elektron formada daxil olub. Bu müraciətlər əhalinin sosial müdafiəsi, əmək mübahisələri, özəlləşdirmə, elm, mədəniyyət, təhsil, idman, səhiyyə, ekologiya, hərbi xidmət və bir sıra digər sahələr üzrə məsələləri əhatə edir. Diqqətə çatdırılıb ki, müraciətlərdə göstərilən məsələlərin çoxu müsbət həllini tapıb, bəziləri baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, bir sıra məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.
Bildirilib ki, cari ilin payız sessiyasında bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi ilə bağlı, habelə səhiyyə komitəsi ilə birlikdə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bu müddətdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar gənclər sektorunda maarifləndirmə tədbirlərinin davamı, habelə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.
İclasda çıxış edən deputatlar cari ilin yaz və növbədənkənar sessiyalarının hesabatını və payız sessiyasının iş planını müsbət qiymətləndiriblər.