CƏMİYYƏT


Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə olunub VİDEO

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri daxil edilib.

İclasda qanun layihələrini əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov təqdim edib. Nazir bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il üçün büdcəsi tərtib edilərkən sosial-iqtisadi və demoqrafik göstəricilərə, əhalinin gəlirlərinə və məşğulluğuna, sığorta-pensiya sisteminə dair bütün parametrlər nəzərə alınıb.

Deputatların diqqətinə çatdırılıb ki, cari ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8 faiz artaraq 36,2 milyard manata çatıb, adambaşına düşən gəlirlər 6,9 faiz artıb. Ölkədə inflyasiyanın səviyyəsi 13,9 faiz olub. İlin 8 ayı ərzində bir işçiyə düşən orta aylıq əməkhaqqı 7,4 faiz artaraq 524,7 manat təşkil edib.

Nazir qeyd edib ki, DSMF-nin 2018-ci il üçün gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır. Xərclərin 97,7 faizi əhaliyə ödənişlər üçün nəzərdə tutulur. Əsaslandırılmış hesablamalara görə, əmək pensiyaları üzrə xərclərdə 193,2 milyon manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalma, digər xərclər üzrə isə 1,9 milyon manat artım olacaq. 2018-ci ildə əmək pensiyaları üzrə xərclər 3 milyard 407 milyon manata çatacaq ki, bu da əhaliyə ödənişlərin 97,5 faizini təşkil edəcək. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 6,9 faiz artaraq 216,5 manat təşkil edəcək.

2018-ci il üçün DSMF-nin xərclərində nəzərdə tutulan 178,8 milyon manatlıq artımın 83 faizi sosial sığorta haqları hesabına qarşılanacaq.

Səlim Müslümov deputatların diqqətinə çatdırıb ki, işsizlikdən sığorta fondunun büdcəsinə dair sənəd “İşsizlikdən sığorta haqqında” yeni Qanunun qüvvəyə minməsi və bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi ilə aktuallaşıb. 2018-ci ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 89 milyon manat məbləğində nəzərdə tutulur. Bu xərclərin 37,6 faizini və ya 33,5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək. İşsizlikdən Sığorta Fondunun xərclərinin 6,8 faizi və ya 6 milyon manatı peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və digər aktiv əmək bazarı tədbirləri üçün nəzərdə tutulub.

Gələn il məşğulluq orqanlarının saxlanılması xərcləri bu illə müqayisədə 1,7 dəfə artaraq İşsizlikdən Sığorta Fondu xərclərinin 15,4 faizini təşkil edəcək. Bu isə 13,7 milyon manat deməkdir. Qeyd edilən artım sayəsində iki yeni modern peşə tədrisi mərkəzi tikiləcək, intensiv avtomatlaşdırma işləri reallaşdırılacaq.

Sonra iclasda DSMF-nin büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi dinlənilib. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, cari ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən mühüm dəyişikliklər “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin tərtibinə təsirini göstərib. Hesablama Palatası öz rəyində bu təsirləri nəzərə alaraq qanun layihəsi ilə bağlı əlavə və izahedici sənədlərin də Fond tərəfindən büdcə zərfinə daxil edilməsini məqsədəuyğun sayıb. Fondun gəlir və xərclərini ətraflı təhlil edən qurum öz rəyində bir sıra tövsiyələr də verib.

Məruzələrdən sonra komitədə hər iki qanun layihəsi ətraflı müzakirə olunub. Deputatlar İlham Məmmədov, Jalə Əliyeva, Yaqub Mahmudov, Aytən Mustafayeva, Rafiq Məmmədhəsənov, Elmira Axundova, Səttar Möhbalıyev rəy və təkliflərini bildiriblər. Qanun layihəsinin real proqnozlara əsasən hazırlandığı vurğulanıb.

Nazir Səlim Müslümov deputatların suallarını cavablandırdıqdan sonra hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.