CƏMİYYƏT


Milli Məclisin komitə sədri: Zəfər müjdəsi ilə dönən balalarımıza məsafəsiz sarıla bilməyimiz üçün həmrəy olmalıyıq

Bakı, 16 oktyabr, AZƏRTAC

Son günlər bir sıra ölkələrdə, o cümlədən ölkəmizdə də koronavirus infeksiyasına yoluxanların sayının artması səbəbindən virusun yayılmasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə müvafiq olaraq ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bu baxımdan, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə xalqımızı bu bəladan qurtarmaq üçün bütün zəruri tədbirlər görülür. Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər səmərəli olması ilə nəticələnər. Tətbiq olunan məhdudiyyətlərə əməl etmək lazımdır. Bununla bağlı açıqlanmış məlumatları hər kəs oxumalıdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür.

“Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik, milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimum dərəcədə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Dövlətimiz uşaqlarımızın, gənclərimizin qorunması məqsədilə xüsusi tədbirlərin tərkib hissəsi kimi bütün təhsil müəssisələrində tədrisi müvəqqəti dayandırmışdır. Düşünürəm ki, bu, çox düzgün qərardır. Digər bir tərəfdən özümüzü qorumalıyıq ki, döyüş cəbhəsindən zəfər müjdəsi ilə dönən balalarımıza məsafəsiz sarıla bilək. Bunun üçün hamılıqla həmrəy olmalıyıq”, - deyə akademik bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.