MƏDƏNİYYƏT
Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitənin sədri Rafael Hüseynov gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirilib ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin yeddinci maddəsinə “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir” və “Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir” məzmununda üçüncü və dördüncü hissələr əlavə ediləcək. Qanunun 11-ci maddəsinə isə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir” məzmununda 5-ci bənd əlavə ediləcək.
“Telekommunikasiya haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliyə görə sənədə 40.4-1-ci maddə əlavə olunacaq. Yeni maddədə deyilir: “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər”. Həmçinin Qanunun 40.5-ci maddəsində “Fövqəladə hallar” sözlərindən sonra “dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə ediləcək.
“Televiziya və radio yayımı haqqında” Qanuna isə “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi” məzmununda 12-1-ci maddə əlavə olunacaq.
İclasda, həmçinin UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi məsələsi müzakirə edilib.
Deputatlar qanun layihələri ətrafında müzakirələr aparıblar.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.