MƏDƏNİYYƏT


Milli Məclisin mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Milli Məclisin mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Rafael Hüseynov əvvəlcə deputatları yeni sessiyanın başlanması münasibətilə təbrik edib, qarşıdakı dövrdə hər kəsə uğurlu fəaliyyət arzulayıb.

Yaz və növbədənkənar sessiyalar dövründə görülən işlərdən danışan Rafael Hüseynov komitədə “Muğam sənətinin inkişafı və qorunması” haqqında Qanunun hazırlanmasını xüsusi qeyd edib. Bildirilib ki, hesabat dövründə bir sıra mühüm qanun layihələrinə zəruri dəyişikliklər də edilib.

O, vətəndaşlardan, idarə və təşkilatlardan yaz sessiyası dövründə komitəyə 107 təklif, ərizə və şikayətin daxil olduğunu deyib və deputatlar tərəfindən lazımi köməkliklərin edildiyini bildirib. Komitə sədri sonra payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verib. Yaz və növbədənkənar sessiyalar dövründəki hesabat və payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.

İclasın gündəliyinə daxil edilən məsələlər barədə məlumat verən Rəfael Hüseynov əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə sənədi təqdim edib. Bildirilib ki, sənədin qəbulu qardaş ölkə ilə mədəniyyət sahəsində münasibətlərimizin daha da genişlənməsinə rəvac verəcək. Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər mahiyyət etibarilə eyni xarakterlidir. Bildirilib ki, bu sənədlərdəki dəyişikliklər televiziya yayımlarında və teatr tamaşalarında tütün məmulatlarının, tütündən istifadə prosesinin və insan sağlamlığına zərər vuran digər məhsulların reklamına məhdudiyyətlərin qoyulması ilə bağlıdır.

İclasda "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında” qanun layihələrinə texniki xarakterli dəyişikliklərə də baxılıb.

Komitə üzvləri müzakirə edilən dəyişikliklərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Müzakirə edilən bütün sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.