MƏDƏNİYYƏT
Milli Məclisin mədəniyyət komitəsinin qanunvericilik işləri planı təsdiq edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Milli Məclisin mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Rafael Hüseynov 2016-cı ilin yaz sessiyası dövründə görülən işlər barədə məlumat verib. O bildirib ki, sessiya dövründə komitənin iki iclası keçirilib və bir sıra qanun layihələri müzakirə edilib. Hesabat dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 210 təklif, ərizə və şikayətə baxılıb. Bu müraciətlərdən 169-u tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 41 müraciət işə alınıb.
Hesabat dövründə komitənin sədri tərəfindən 22 vətəndaş qəbul edilib.
Deputatlar ötən müddətdə komitənin gördüyü işləri qənaətbəxş hesab ediblər.
Sonra komitənin 2016-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib. Bildirilib ki, sessiya dövründə "Kinematoqrafiya haqqında", "Yazılı abidələr haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" və digər qanun layihələrinə baxılacaq.
"Mədəniyyət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 24.4-cü maddəsinin ləğv edilməsi nəzərdə tutulur.