SİYASƏT


Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın əvvəlində deputatlar ölkədəki ictimai-siyasi vəziyyət və sosial şəbəkələrdə yayılan təhqirlərlə bağlı fikirlərini bölüşüblər.

Sonra Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə 5 sənəd, o cümlədən “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə, Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə və Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə protokolların təsdiq edilməsi haqqında, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə məsələlər, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Qeyd olunub ki, “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişi rəhbər tutaraq tərəflər – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri cinayətkarlıqla mübarizə və hüquq-mühafizə, insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması sahəsində Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini təsdiqləyərək, mütəşəkkil cinayətkarlığın yayılmasından narahat olaraq, terrorçuluqla mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin və genişləndirilməsinin əhəmiyyətini dərk edərək, həmçinin sərhəd qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini nəzərə alaraq müvafiq protokolların imzalanması barədə razılığa gəliblər.

Diqqətə çatdırılıb ki, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişə əsasən, beynəlxalq hüququn müvafiq prinsipləri və normaları çərçivəsində Xəzər dənizi dövlətlərinin silahlı qüvvələrinin hərbi gəmilərinin üzməsinin və hava gəmilərinin uçuşunun təhlükəsizliyi bu Saziş çərçivəsində təmin edilir.

Sonra birinci oxunuşda təqdim olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan dəyişiklik barədə məlumat verilib. Vurğulanıb ki, adıçəkilən sənədlərdə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə bir sıra redaktə xarakterli düzəlişlər aparılıb.

Komitə üzvləri müzakirəyə çıxarılan qanun layihələrinin əhəmiyyətli olduğunu söyləyiblər və Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.