SİYASƏT


Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, yeni sessiyanın başlanması münasibətilə deputatları təbrik edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, bugünkü iclasın gündəliyinə 5 məsələ daxil edilib. Həmin məsələlərdən üçü yaxın qonşularımız və strateji müttəfiqlərimiz olan Türkiyə və Gürcüstanla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə xidmət edən sənədlərin təsdiqi ilə əlaqədardır. Belə ki, “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu bu il martın 31-də qardaş Türkiyənin Giresun şəhərində imzalanıb. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” Saziş cari il iyunun 11-də Bakıda, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokol isə 2018-ci il aprelin 25-də Ankarada imzalanıb. Sənədlərin üçü də milli maraqlarımıza cavab verir.

Fikir mübadiləsində komitə sədrinin müavini Aydın Mirzəzadə, deputat Əliağa Hüseynov hər 3 sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər. Qanun layihələrinin Azərbaycan parlamentində ratifikasiyası vacib sayılıb.

Sonra müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov xatırladıb ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği məqsədilə 2017-ci il dekabrın 1-də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun qəbul olunub. Qeyd edilib ki, həmin qanunun tətbiqi ilə əlaqədar 1994-cü il 23 sentyabr tarixli, 887 və 886 nömrəli qanunlarla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi zərurəti meydana gəlib. Dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.

İclasda komitə üzvləri yekdil qərarla müzakirə olunan məsələlərin beşini də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.